AZƏRBAYCAN 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ BMT-NİN 4 QƏTNAMƏSİNİ İCRA EDİB

Bu gün Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasından 34 il ötür.
1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib.
Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
İlk gündən etibarən Azərbaycan BMT platformu, kürsüsü vasitəsilə dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə yönəltməyə, münaqişənin sülh yolu ilə həllinə səy göstərib. 1994-cü ildə Prezident Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışı Azərbaycan həqiqətlərinin BMT müstəvisində dünyaya çatdırılması baxımından mühüm hadisə kimi yadda qalıb. Heydər Əliyev çıxışında işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünü xüsusi ilə tənqid edib və beynəlxalq ictimaiyyəti bu təcavüzə göz yummamağa çağırıb.
1993-cü il ərzində BMT Təhlükəsizlik Şurasının tərəfindən Ermənistan - Azərbaycan münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunaraq hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələbi irəli sürülmüşdü. Lakin həmin tələblər kağız üzərində qalıb.
Yalnız 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi azad edib.
Azərbaycan BMT-nin bir çox yardımçı təşkilatları ilə yaxından əməkdaşlıq edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.