ABŞ İranla münaqişənin “eskalasiya tələsi”ndən qaça bilər və bunun üçün amerikalılar Tehrana “maksimalist” tələblər irəli sürməməlidir. Bu barədə X sosial şəbəkəsində ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Joe Kent yazıb.
Onun sözlərinə görə, İran ABŞ-ın sülh təkliflərini rədd etməklə münaqişənin eskalasiyası üçün “tələ” yaradıb. Lakin Kent hesab edir ki, Vaşinqton kifayət qədər müdrik davransa, bundan qaça bilər. Keçmiş rəsmi qeyd edib ki, amerikalılar əvvəlcə ABŞ-ın milli maraqları üçün “həqiqətən həyati əhəmiyyət daşıyan” məsələləri müəyyən etməli və bundan sonra “uyğun şəkildə” hərəkət etməlidir.
“Biz Hörmüz boğazını açmalıyıq ki, neft onun vasitəsilə daşına bilsin, enerji bazarlarına və Fars körfəzi ölkələrinə sabitlik qayıtsın. Bunlar real və əldə oluna bilən hədəflərdir. Buna regiondakı hərbi mövcudluğumuzu əhəmiyyətli dərəcədə azaltmaq və İrana qarşı sanksiyaları ləğv etməklə nail olmaq olar,” – deyə o bildirib.
Kent həmçinin hesab edir ki, “tələ”dən və “fəlakətli vəziyyətdən” qaçmaq üçün İsrailin “cilovlanması” vacibdir və ABŞ bu ölkəyə hərbi yardımı “kəskin şəkildə məhdudlaşdırmalıdır”. Keçmiş rəsminin fikrincə, İsrail ABŞ dəstəyi olmadan müharibəni davam etdirə bilməz və Vaşinqtonu münaqişəyə cəlb etmək üçün “əlindən gələni edəcək”. Lakin Kent vurğulayıb ki, amerikalılar “öz məqsədlərini” güdməlidir.
“Əgər biz İrana maksimalist nəticəni (uranın sıfır səviyyədə zənginləşdirilməsi və s.) qəbul etdirməyə çalışsaq, bu müharibə şübhəsiz ki, kəskinləşəcək və amerikalılara insan həyatı, milyardlarla dollar və nəticədə dünyadakı mövqeyimizin zəifləməsi bahasına başa gələcək. Keçmişdən dərs çıxarmalı və itkilərimizi minimuma endirib geri çəkilməyin vaxtını anlamalıyıq. Nəticə etibarilə, nizamın bərpası üzrə işlər Amerikanı istənilən hərbi əməliyyatlardan daha çox gücləndirəcək,” – deyə Kent yazıb.
15 aprel tarixində jurnalist Barak Ravid Axios-a istinadən ABŞ rəsmisinə dayanaraq bildirib ki, Vaşinqton İranda atəşkəs rejiminin uzadılması ilə razılaşmayıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baghaei də atəşkəsin uzadılması barədə razılaşmanın olmadığını təsdiqləyib.
Daha sonra KİV-lər mənbəyə istinadən xəbər verib ki, gələn həftənin sonunda Vaşinqton və Tehran arasında danışıqların ikinci raundu keçirilə bilər.
Ağ Evin sözçüsü Karoline Leavitt isə 15 aprel tarixində bildirib ki, hazırda ABŞ hakimiyyəti yeni danışıqlar raundu barədə dəqiq məlumat verə bilmir, lakin görüş müzakirə olunur.
13 aprel tarixində The Wall Street Journal yazıb ki, ABŞ hakimiyyəti İrana qarşı yeni zərbələrin endirilməsini müzakirə edir.