Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda geniş konfrans keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı Rayon Təşkilatı və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbir öncəsi iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra Masallı şəhidlərinin xatirəsinə ucaldılmış Qəhrəmanlar Parkı və “Dəmir Yumruq” abidəsi ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna hörmət əlaməti olaraq güllər qoyulub.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, YAP aparatının məsul əməkdaşı Əli Axundov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Muxtarov, Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri namizədi Kamran Kazımov, LDU-nun kafedra müdiri, dosent Kamal Mahmudov, ADPU-nin Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın əsaslarının qoyulması və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən geniş bəhs ediblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov vurğulayıb ki, Heydər Əliyev təkcə bir dövrün lideri deyil, bütöv bir xalqın taleyini dəyişən böyük dövlət xadimi idi. O qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Deputat bildirib ki, Heydər Əliyevin siyasi irsi müasir Azərbaycanın tərəqqisinin əsas sütunudur və bu irs gələcək nəsillər üçün də əbədi yol göstəricisi olaraq qalacaq.
Digər çıxış edənlər də qeyd ediblər ki, Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri və dövlətimiz üçün qoyduğu möhkəm təməl bu gün də böyük qürur və minnətdarlıq hissi ilə xatırlanır.
Sonda YAP Masallı Rayon Təşkilatı tərəfindən konfrans iştirakçılarına fəxri fərmanlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib. Tədbir bədii hissə ilə davam etdirilərək yüksək əhval-ruhiyyə ilə başa çatıb.
Konfransın sonunda bir daha vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq, onun ideyaları isə Azərbaycanın gələcək inkişaf yolunu işıqlandırmaqda davam edəcək.






















