Haci SalayevÜmummilli lider Heydər Əliyevin 103 illik ildönümünə həsr olunurAzərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların həyatı və fəaliyyəti bütöv bir xalqın taleyi ilə ayrılmaz şəkildə bağlı olur. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev olmuşdur. Onun mənalı və şərəfli ömrü doğma xalqına, müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr edilmişdir.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın sosial-iqtisadi, elmi və mədəni inkişafı istiqamətində mühüm addımlar atdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ məkanında ən qabaqcıl respublikalardan birinə çevrildi. Sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, milli kadrların hazırlanması və təhsilin yüksəlişi məhz həmin dövrdə həyata keçirilən uğurlu siyasətin nəticəsi idi.
Ümummilli liderin fəaliyyətinin ən mühüm məqamlarından biri də onun SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyində təmsil olunması idi. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən ilk və yeganə azərbaycanlı, müsəlman və türk oğlu olaraq təkcə Azərbaycanın deyil, bütün türk və müsəlman dünyasının qürur mənbəyinə çevrilmişdi. O, Moskvada fəaliyyət göstərdiyi dövrdə də Azərbaycanı daim diqqət mərkəzində saxlayır, xalqının maraqlarını qorumağa çalışırdı.Bu, həm Azərbaycan xalqının dünya miqyasında tanınmasına, həm də milli özünüdərkin güclənməsinə mühüm təsir göstərmişdir.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə çox ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar, hakimiyyət böhranı və xaos Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə ağır və taleyüklü bir zamanda xalq öz xilaskar oğluna-Heydər Əliyevə üz tutdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan və dövlətçiliyin məhvindən xilas etdi. Onun qətiyyəti, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət institutları formalaşdırıldı və Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi.
Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf strategiyası Azərbaycanın gələcək inkişaf yolunun əsasını təşkil etdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi yüksəlişinin təməli qoyuldu, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və hüquqi dövlət prinsiplərinin formalaşdırılması Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətləri idi.
Bu gün Azərbaycanın qazandığı uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Güclü dövlətçilik ənənələri, iqtisadi inkişaf, beynəlxalq nüfuz və xalq-iqtidar birliyi onun siyasi irsinin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, regionun aparıcı dövlətinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan xalqına sədaqətin, vətən sevgisinin və dövlətçilik düşüncəsinin ən parlaq nümunəsidir. O, yalnız yaşadığı dövrün deyil, gələcək nəsillərin də yaddaşında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi əbədi yaşayacaqdır.
Xalqına xidmət etməyi həyat amalına çevirən Heydər Əliyevin əziz xatirəsi daim ehtiramla anılır və onun zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin inkişaf yoluna işıq salmağa davam edir.