“XİN: «Rusiya C.Qafqaz üzrə “3+3" formatının qorunub saxlanılmasında maraqlıdır»

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Cənubi Qafqaz üzrə “3+3” formatının qorunub saxlanılmasında maraqlıdır və platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir. Bu barədə RF XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində danışıb.
O qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatı “regional məsuliyyət prinsipi” əsasında Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitədir.
Kaluqinin sözlərinə görə, İran ətrafındakı vəziyyət də daxil olmaqla bir sıra obyektiv səbəblərdən “3+3” formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb.
“Lakin təmasların davam etdirilməsinə maraq qalır. Platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edirik”, – deyə diplomat vurğulayıb.
O bildirib ki, regional məsuliyyət prinsipi bütün regional oyunçuların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələrin razılaşdırılmasını nəzərdə tutur. Qərarlar isə kənar qüvvələrin təzyiqi və ya diktə etdiyi gündəlik olmadan qəbul edilməlidir.
Mixail Kaluqin əlavə edib ki, təhlükəsizlik və iqtisadi rifah yalnız region ölkələrinə qarşı ayrı-seçkilik edilmədən, bölücü xətlər çəkilmədən təmin oluna bilər. Onun sözlərinə görə, yalnız bu halda Cənubi Qafqazda real və uzunmüddətli sülh mümkündür.
Diplomat xatırladıb ki, “3+3” platformasının təsis görüşü 2021-ci ilin დეკabrında Moskvada keçirilib və formatın təşəbbüskarları Azərbaycan ilə Türkiyə olub. 2023-cü ilin oktyabrında Tehranda xarici işlər nazirlərinin birgə iclası baş tutub, 2024-cü ilin oktyabrında isə İstanbul görüşündə nəqliyyat, energetika və mədəniyyət sahələrində konkret əməkdaşlıq məsələlərinin müzakirəsinə başlanması barədə razılıq əldə olunub.
Kaluqin həmçinin bildirib ki, hazırda “3+3” formatının fəaliyyətində əsas və problemli məsələlərin müzakirəsi üçün iştirakçı ölkələrin aparıcı politoloqlarının, o cümlədən Gürcüstan nümayəndələrinin iştirakı ilə ekspert platformasının yaradılması istiqamətində fəal hazırlıq aparılır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.