Polşada rəsmi işi olmayan ukraynalı qaçqınlar artıq uşaq müavinəti almaq hüququndan məhrum ediliblər. Bu barədə Money.pl portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 2022-ci ildə Polşada qəbul edilən Ukrayna vətəndaşlarına dəstək qanunu qaçqınlara Polşa əmək bazarına sərbəst çıxış və sosial ödənişlər, o cümlədən “800 plus” adlı uşaq baxımı müavinəti almaq imkanı verirdi. Sonradan sənədə bir neçə dəfə dəyişiklik edilib.
Son dəyişikliklərə əsasən, artıq müavinətin alınması valideynlərin rəsmi məşğulluğundan asılı olacaq. Nəşr qeyd edir ki, yeni qaydalar Polşada yaşayan təxminən 150 min ukraynalı uşağa təsir göstərə bilər.
İndi “800 plus” müavinətini almaq üçün Ukrayna vətəndaşları Polşada qanuni yaşadıqlarını və rəsmi işlərinin olduğunu təsdiqləməlidirlər. Bundan əlavə, uşaq Polşadakı təhsil müəssisəsinə davam etməlidir.
Fevralın 19-da Polşa prezidenti Karol Nawrocki ukraynalı qaçqınlar üçün xüsusi status və güzəştlərin verilməsini dayandıran qanunu imzalayıb. Sənədə əsasən, Polşa hakimiyyəti Ukrayna vətəndaşlarını pulsuz tibbi xidmət və mənzil ödənişlərində güzəştlərdən məhrum edəcək. İstisna yalnız respublika ərazisində müalicə alan Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə şamil olunacaq.
Dekabr ayında UnHerd nəşri yazıb ki, Polşada ukraynalı qaçqınlara qarşı narazılıq artaraq 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Son sorğular göstərib ki, polyakların 45 faizi ukraynalıların ölkəyə qəbul edilməsinin əleyhinədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.