Ekspert: ABŞ və İran arasında yaxın vaxtlarda çərçivə sazişinin imzalanması gözlənilmir

ABŞ və İran arasında yaxın perspektivdə hər hansı çərçivə sazişinin imzalanması real görünmür. Bu barədə Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, son hərbi qarşıdurmalar Tehranın mövqeyini daha da gücləndirib. Ekspert hesab edir ki, İranın regiondakı strateji hədəflərə endirdiyi zərbələr Vaşinqtona müharibənin daha geniş miqyas ala biləcəyi mesajını verməyə hesablanıb.
M. Əsədullazadə qeyd edib ki, danışıqların davam etdiyi bir vaxtda ABŞ-ın İranla bağlı atdığı addımlar Tehrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, Vaşinqton bu yolla İranı danışıqlar masasında güzəştlərə məcbur etməyə çalışır.
Siyasi şərhçi vurğulayıb ki, ABŞ-ın irəli sürdüyü şərtlər hazırda İran tərəfini, xüsusilə də SEPAH-ı qane etmir. Buna görə də ayın sonunadək tərəflər arasında hər hansı razılaşmanın əldə olunacağı gözlənilmir.
Əsədullazadənin sözlərinə görə, İran daxilində sosial problemlər və yüksək inflyasiya hakimiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirir. O hesab edir ki, Tehranı danışıqlara sövq edən əsas amil hərbi təzyiqlər deyil, iqtisadi çətinliklər və sanksiyaların yaratdığı təsirlərdir.
Ekspert həmçinin bildirib ki, Yaxın Şərqdə mövcud siyasi nizam ciddi transformasiya mərhələsinə daxil olub və regionda yeni təhlükəsizlik-siyasi sistemin formalaşması bir neçə il vaxt apara bilər.
M. Əsədullazadə əlavə edib ki, ABŞ Prezidenti Donald Trump İranın nüvə proqramı ilə bağlı istədiyi nəticəni əldə edə bilməsə, bu vəziyyət gələcək siyasi proseslərdə onun partiyasının mövqelərinə mənfi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.