Deputat: Ermənistan Konstitusiyasında dəyişiklik olmadan sülh sazişi risklidir

Milli Məclisin deputatı Kamal Cəfərov Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tələbinin haqlı və əsaslı olduğunu bildirib.
Deputat sosial şəbəkədə paylaşdığı açıqlamada İlqar Məmmədovun bu məsələ ilə bağlı fikirlərini tənqid edərək, Ermənistanın daxili siyasi vəziyyətinin Azərbaycanın sülh şərtlərinə təsir göstərə bilməyəcəyini vurğulayıb.
Kamal Cəfərov qeyd edib ki, Ermənistan Konstitusiyası ölkənin Müstəqillik Bəyannaməsinə istinad edir və həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Onun sözlərinə görə, bu məsələ texniki və ya formal detal deyil, Ermənistanın dövlət ideologiyasının əsas elementlərindən biridir.
Deputat bildirib ki, beynəlxalq təcrübədə davamlı sülh sazişləri tərəflərin qarşılıqlı iddialardan imtina etməsi və hüquqi çərçivələrin dəyişdirilməsi əsasında formalaşıb. O, buna nümunə kimi Almaniyanın 1990-cı ildə imzaladığı İki+Dörd Müqaviləsini göstərib.
Kamal Cəfərovun fikrincə, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliklərini cəmiyyətə izah etməkdə çətinlik çəkirsə, bu, erməni cəmiyyətində irredentist yanaşmaların hələ də qalmasından xəbər verir. Deputat hesab edir ki, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülh sazişi gələcəkdə siyasi təzyiqlər və xarici təsirlər nəticəsində zəifləyə bilər.
O, həmçinin vurğulayıb ki, Ermənistanın daxili siyasi zəifliyi Azərbaycanın mövqeyini dəyişdirməməlidir. Deputatın sözlərinə görə, sülh gündəliyinin əsas şərtlərini qalib tərəf kimi Azərbaycan müəyyən edir və beynəlxalq ictimaiyyət də bu reallığı nəzərə alır.
Açıqlamasının sonunda Kamal Cəfərov Azərbaycan cəmiyyətinin İlham Əliyevin siyasətinə dəstək verdiyini və ölkə rəhbərliyinin atdığı addımlara güvəndiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.