İranla bağlı təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsindən sonra Niderlandın diplomatik missiyası fəaliyyətini yenidən Tehranda bərpa edib.
Məlumata görə, əvvəllər İran ərazisində baş verən silahlı qarşıdurma səbəbindən Tehranı tərk edərək müvəqqəti olaraq Bakıda fəaliyyət göstərən Niderlandın İrandakı səfirliyi yenidən paytaxt Tehrana qayıdıb. Diplomatik nümayəndəlik iyunun 7-dən etibarən fəaliyyətini bərpa edib.
Niderland Krallığının Azərbaycandakı səfirliyi yaydığı açıqlamada məcburi köçürülmə və ölkədə müvəqqəti yerləşmə dövründə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Qeyd edək ki, İran müharibəsinin başlanğıc mərhələsində təhlükəsizlik riskləri səbəbindən Niderlandın diplomatik nümayəndəliyi Tehrandakı fəaliyyətini dayandıraraq Bakıya köçürülmüşdü. Həmin müddətdə səfirlik öz işini Azərbaycandan davam etdirirdi.
Diplomatik missiyanın Tehrana qayıtması bölgədə vəziyyətin nisbətən normallaşmasının göstəricilərindən biri kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.