Ermənistanın iki ildən artıqdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarını ödəməməsi təşkilat daxilində müzakirə mövzusuna çevrilib.
Bu barədə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, təşkilata üzv ölkələr Ermənistanla bağlı nizamnamənin müvafiq maddəsinin tətbiqi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Lavrov xatırladıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 7-də İrəvanın KTMT tədbirlərində iştirak etmədiyi üçün təşkilata üzvlük haqlarını ödəmədiyini bildirib.
Rusiya XİN başçısının sözlərinə görə, Ermənistanın KTMT büdcəsinə iki ildən artıqdır borcu var və bu vəziyyət təşkilatın nizamnaməsində nəzərdə tutulub.
KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində büdcə qarşısında öhdəliklərini yerinə yetirmədikdə, həmin ölkənin vətəndaşlarının təşkilatda kvota üzrə vəzifələrə namizəd göstərilməsi dayandırıla, həmçinin borc tam ödənilənədək onun səsvermə hüququ məhdudlaşdırıla bilər.
Qeyd edək ki, hazırda KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan isə son iki ildə təşkilatın tədbirlərində iştirak etmir və üzvlük haqlarını ödəmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.