Avropa İttifaqının Ermənistanda fəaliyyətə başlayacaq yeni mülki missiyası İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşdırılması prosesində iştirak etməyəcək.
Bu barədə Aİ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesi yeni missiyanın fəaliyyət proqramına daxil edilməyib.
“Ermənistandakı Aİ tərəfdaşlıq missiyasının rolu ölkənin dayanıqlılığını gücləndirməkdir. Bu, xüsusilə kibertəhlükəsizlik, hibrid təhdidlərdən müdafiə və mülki təhlükəsizlik sahələrini əhatə edir”, – deyə Aİ rəsmisi vurğulayıb.
O qeyd edib ki, missiyanın vəzifələri sülh prosesi və ümumilikdə Ermənistanın beynəlxalq münasibətləri ilə əlaqəli deyil.
Rəsminin sözlərinə görə, missiya Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində heç bir rol oynamayacaq və əsas məqsədi Ermənistana dəstək göstərməkdir.
Bununla yanaşı, Brüssel regionda sabitliyin təmin olunmasına yönəlmiş diplomatik səylərə dəstəyini davam etdirəcəyini bəyan edib.
Xatırladaq ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası aprelin 21-də Ermənistanda yeni Mülki Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) yaradılması barədə rəsmi qərar qəbul edib. Missiyanın mandat müddəti iki il nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.