Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinin davamlılığının İrəvan üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Parlamentdə keçirilən hökumət saatında çıxış edən Paşinyan iyunun 14-də Dilicanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşü yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu cür təmaslar iki ölkə arasında münasibətlərin inkişafına və sülh gündəliyinin irəliləməsinə xidmət edir.
Paşinyan qeyd edib ki, parlament seçkilərindən sonra Ermənistan üçün əsas prioritet sülh prosesinin dinamikasını itirməmək olub və hökumət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Baş nazir vurğulayıb ki, yüksək səviyyəli belə bir görüşün ilk dəfə Ermənistan ərazisində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, növbəti oxşar təmasların Azərbaycanda baş tutacağı gözlənilir.
Paşinyan həmçinin bildirib ki, dəvət alacağı təqdirdə, 2029-cu ildə Bakıda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi Sammitində iştirak etməyə hazırdır. Bunun üçün o, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi dəvət gözlədiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.