Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) faktiki olaraq ölkənin suverenliyini və 2024-cü il parlament seçkilərində xalqın ifadə etdiyi iradəni tanımır.
Papuaşvili bu fikirləri "Rustavi 2" telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, əsas problem həmin iki Avropa institutunun Gürcüstanın müstəqil qərar vermək hüququnu qəbul etməməsidir.
"Əsas problem ondadır ki, bu iki institut – Avropa Parlamenti və AŞPA – Gürcüstanın suverenliyini tanımır. Bu, üzləşməli olduğumuz reallıqdır", – deyə parlament sədri vurğulayıb.
Papuaşvili xatırladıb ki, Gürcüstan 1999-cu ildə müstəqilliyini möhkəmləndirmək və qorumaq məqsədilə Avropa Şurasına üzv olub. Lakin onun sözlərinə görə, hazırda təşkilat gürcü xalqının müstəqil iradəsinə lazımi hörmət göstərmir.
Parlament sədri bildirib ki, Avropa institutları Gürcüstanın siyasi gələcəyinə öz baxışları ilə yanaşır və seçicilərin real seçimini nəzərə almır. O hesab edir ki, bu mövqe 2024-cü il parlament seçkilərinin nəticələrinin qəbul edilməməsinin göstəricisidir.
Qeyd edək ki, bu ay AŞPA-nın qəbul etdiyi növbəti qətnamədə Gürcüstanda demokratik prinsiplərdən geriləmə olduğu, vətəndaş cəmiyyəti və müxalifətə təzyiqlərin artdığı iddia edilərək ölkə hakimiyyəti tənqid olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.