ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin qəbuledilməz dərəcədə yüksək olduğunu bəyan edərək yanacaq satıcılarını qiymətləri dərhal endirməyə çağırıb.
Tramp bildirib ki, hazırda neftin bir bareli 68 dollara satılır və qiyməti enməkdə davam edir. Bu səbəbdən də benzinin orta satış qiymətinin indiki 3,8 dollardan 2,5 dollara (təxminən 3,8 litr üçün) endirilməsi mümkün və zəruridir.
ABŞ liderinin sözlərinə görə, yanacaq satıcıları bu çağırışa operativ reaksiya verməlidirlər. O, yüksək benzin qiymətlərinin qanunsuz olduğunu iddia edib.
"Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməyəcək. Bu, tamamilə qanunsuzdur. Əgər satıcılar qiymətləri endirməsələr, onları böyük problemlər gözləyir", – deyə Tramp vurğulayıb.
Hazırda ABŞ-da benzinin orta qiyməti hər qallon (təxminən 3,8 litr) üçün 3,8 dollar təşkil edir. Trampın məqbul hesab etdiyi 2,5 dollarlıq qiymət isə sonuncu dəfə 2021-ci ilin əvvəllərində qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.