Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının binasında anomal istilər zamanı kondisionerlərin yalnız qurumun rəhbəri Ursula fon der Lyayenin çalışdığı mərtəbədə işləməsi ilə bağlı yayılan məlumatları istehza ilə şərh edib.
O, Sputnik radiosunun efirində bildirib ki, Avropa Komissiyasında hələ də "kolonial məntiq" hökm sürür.
Politico nəşrinin yazdığına görə, iyunun 26-da Brüsseldə yerləşən Avropa Komissiyasının binasının birinci mərtəbəsindən yeddinci mərtəbəyədək kondisionerlər söndürülüb. Lakin bu məhdudiyyət Ursula fon der Lyayenin və bir sıra avrokomissarların işlədiyi mərtəbələrə şamil edilməyib.
Zaxarova bunu tənqid edərək deyib ki, Qərbdə bəzi rəhbərlərin özlərini "taxtda oturan istisna şəxslər" kimi görməsi adi haldır. O, fon der Lyayenin vəziyyətini istehzalı şəkildə "süzereni yelpiklə sərinlədirlər" ifadəsi ilə müqayisə edib.
Diplomatın fikrincə, Avropa cəmiyyətlərində tarixən formalaşmış "ağalar və qullar" bölgüsü hələ də qalmaqdadır. O iddia edib ki, Avropa İttifaqında bu gün də kolonial və orta əsr təfəkkürünü xatırladan münasibətlər mövcuddur və tabelikdə olanlar rəhbərləri razı salmaq üçün hər cür fədakarlığa hazır olurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.