Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk işgüzar səfəri çərçivəsində Rusiyaya yollanıb.
Məlumata görə, Paşinyan Yekaterinburq şəhərində keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunan "Sənaye 360" forumunda iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşü də planlaşdırılıb.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7 faizini qazanaraq qalib gəlib və hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib. İkinci yeri Güclü Ermənistan bloku (23,2 faiz), üçüncü yeri isə Ermənistan bloku (9,9 faiz) tutub. Çiçəklənən Ermənistan Partiyası isə 4 faizlik seçki baryerini keçə bilmədiyindən parlamentə düşə bilməyib.
Paşinyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində deyil. O vurğulamışdı ki, İrəvan heç bir tərəfdaşın maraqlarını nəzərdən qaçırmır, lakin digər dövlətlərin maraqlarını Ermənistanın milli maraqlarından üstün tuta bilməz. Bununla yanaşı, o, ölkəsinin Avropa İttifaqı ilə yaxınlaşmaqda maraqlı olduğunu da təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.