Məşhur Məmmədov
Milli Məclisin deputatıSon illər dünyada müşahidə olunan geosiyasi qarşıdurmalar, silahlı münaqişələr, terror təhlükələri, iqtisadi qeyri-müəyyənlik və beynəlxalq münasibətlər sistemində dərinləşən böhranlar dövlətlərin təhlükəsizlik konsepsiyalarını yenidən formalaşdırmağa məcbur edir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın sabit, təhlükəsiz və dayanıqlı inkişaf edən dövlət kimi mövqeyini qoruyub saxlaması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan ardıcıl siyasətin, güclü dövlət idarəçiliyinin və xalq-dövlət birliyinin məntiqi nəticəsidir.
Aparılan ictimai rəy sorğularının nəticələri də bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin fəaliyyətinə və şəxsiyyətinə göstərilən yüksək ictimai etimad, əslində, son illərdə əldə olunan uğurların cəmiyyət tərəfindən obyektiv qiymətləndirilməsinin göstəricisidir. Respondentlərin böyük əksəriyyətinin Prezidentə etimad göstərməsi, onun fəaliyyətini yüksək qiymətləndirməsi və alternativsiz siyasi lider hesab etməsi cəmiyyətin dövlət siyasətinə verdiyi dəstəyin bariz ifadəsidir.
Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi güclə ölçülmür. Siyasi sabitlik, iqtisadi dayanıqlılıq, sosial rifah, milli birlik, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, hüquqi dövlət prinsiplərinin təmin olunması və effektiv idarəçilik bütöv təhlükəsizlik sisteminin əsas sütunlarını təşkil edir. Azərbaycan bütün bu istiqamətlər üzrə sistemli və məqsədyönlü siyasət həyata keçirərək regionun ən sabit dövlətlərindən birinə çevrilib.
Xüsusilə Azərbaycanın tam suverenliyinin təmin olunmasından sonra ölkənin təhlükəsizlik sistemi yeni mərhələyə qədəm qoyub. Dövlət hakimiyyətinin bütün ərazilərdə tam bərqərar olması, sərhədlərin etibarlı mühafizəsi, qanunvericiliyin vahid şəkildə tətbiqi və dövlət institutlarının koordinasiyalı fəaliyyəti uzunmüddətli sabitliyin möhkəm təməlini formalaşdırıb. Bu gün Azərbaycan vətəndaşı öz dövlətinin təhlükəsizlik imkanlarına inanır, dövlət isə öz vətəndaşının hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyur.
Qlobal miqyasda müharibələrin və böhranların artdığı dövrdə Azərbaycanın daxili sabitliyi həm də iqtisadi inkişafın əsas təminatına çevrilib. Son illərdə həyata keçirilən iri infrastruktur layihələri, sənayeləşmə proqramları, rəqəmsal transformasiya, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması təhlükəsiz və proqnozlaşdırılan idarəetmə modeli sayəsində mümkün olub.
Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Orta Dəhlizin inkişafı, beynəlxalq yükdaşımalarının artması, enerji marşrutlarının etibarlı fəaliyyəti və tranzit imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Bu layihələrin uğurunun əsas şərtlərindən biri məhz ölkədə hökm sürən sabitlik və təhlükəsizlik mühitidir.
Xarici investorların Azərbaycana artan marağı da təsadüfi deyil. İnvestor üçün əsas meyar siyasi sabitlik, qanunun aliliyi və proqnozlaşdırılan iqtisadi mühitdir. Azərbaycan bu göstəricilər üzrə regionun ən etibarlı ölkələrindən biri kimi tanınır. Sahibkarlığın dəstəklənməsi, müasir hüquqi baza və dövlətin biznesə göstərdiyi diqqət iqtisadi inkişafın davamlılığını təmin edən əsas amillər sırasındadır.
Azərbaycanın uğurlarını şərtləndirən digər mühüm amil balanslaşdırılmış və müstəqil xarici siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanın həm regional, həm də qlobal səviyyədə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmiz sülhün, dialoqun və əməkdaşlığın təşviqinə mühüm töhfə verən dövlətlərdən biri kimi qəbul edilir.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə regionun təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat, hərbi əməkdaşlıq və humanitar sahələrdə həyata keçirilən birgə layihələr iki qardaş ölkənin gücünü artırmaqla yanaşı, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, qlobal forumlar, yüksək səviyyəli sammitlər və müxtəlif beynəlxalq təşkilatların toplantıları ölkəmizin təhlükəsizlik imkanlarının, təşkilatçılıq qabiliyyətinin və beynəlxalq etimadının göstəricisidir. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin və beynəlxalq təşkilat nümayəndələrinin Azərbaycana inamla səfər etməsi ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir.
Azərbaycanın multikulturalizm və tolerantlıq modeli də sabitliyin mühüm sütunlarından biridir. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşaması ölkədə milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Məhz bu birlik və həmrəylik istənilən daxili və xarici təhdidlər qarşısında Azərbaycanın dayanıqlığını artırır.
İctimai rəy sorğularında Prezident İlham Əliyevə göstərilən yüksək etimad da məhz bu uğurların cəmiyyət tərəfindən obyektiv qiymətləndirilməsinin nəticəsidir. İnsanlar ölkədə qorunan sabitliyi, milli maraqların qətiyyətlə müdafiəsini, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsini, iqtisadi inkişafı, beynəlxalq nüfuzun artmasını və dövlət idarəçiliyində müşahidə olunan ardıcıllığı yüksək dəyərləndirirlər. Bu etimad yalnız bugünkü uğurların deyil, həm də gələcəyə olan inamın ifadəsidir.
Dünyada yeni geosiyasi düzənin formalaşdığı, beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artdığı indiki mərhələdə Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün diqqət çəkən nümunəyə çevrilib. Güclü dövlət institutları, milli maraqlara söykənən siyasət, müasir idarəetmə sistemi, xalq-iqtidar birliyi və strateji baxış ölkəmizin qarşıdakı illərdə də inkişafını təmin edəcək əsas amillərdir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın sabitliyini və təhlükəsizliyini bundan sonra da etibarlı şəkildə qoruyacaq, iqtisadi inkişafı sürətləndirəcək, beynəlxalq mövqeyini daha da gücləndirəcək və ölkəmizin Cənubi Qafqazda sülhün, əməkdaşlığın və rifahın əsas təminatçılarından biri kimi rolunu möhkəmləndirəcək. Bu strateji kursun nəticələri isə Azərbaycan cəmiyyətində yüksək ictimai etimadın və milli birliyin gələcək illərdə də qorunub saxlanılmasının əsas təminatı olacaq.