Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət aparatının rəhbəri Araik Arutyunyannın vəzifədən uzaqlaşdırılmasını nəzərdən keçirir. Bu barədə iyulun 7-də Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Paşinyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki qərargahının fəaliyyəti ilə bağlı narazıdır. Seçki qərargahına rəhbərlik edən Araik Arutyunyanın komandası seçki prosesində bir sıra ciddi səhvlərə yol verməkdə ittiham olunur.
Bildirilir ki, qərargah rəhbərliyi baş nazirə partiyanın seçkilərdə konstitusiya çoxluğu əldə etmək imkanları barədə reallığı əks etdirməyən, həddindən artıq nikbin proqnozlar təqdim edib. Bu yanlış qiymətləndirmələrin Paşinyanın narazılığına səbəb olduğu qeyd edilir.
Ermənistan mediasının məlumatına əsasən, Araik Arutyunyan vəzifəsindən ayrılacağı təqdirdə, onun yerinə hazırda baş nazirin baş müşaviri vəzifəsini tutan Lilit Makuntsun təyin olunacağı ehtimal edilir.
Hələlik Ermənistan hökuməti bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.