İranda casusluq ittihamı ilə həbs olunan Böyük Britaniya vətəndaşları Craig Foreman və Lindsay Foreman aclıq aksiyasını davam etdirirlər. Bu barədə insan haqları təşkilatı HRANA məlumat yayıb.
Məlumata görə, cütlük hələ də aclıq aksiyasını dayandırmayıb və onlara mütəmadi tibbi müayinədən keçmək, həkim və ya tibb bacısı ilə görüşmək imkanı verilmir. Bildirilir ki, Lindsay Foreman həbsxananın tibb məntəqəsinə çatmaq üçün uzun dəhliz və təxminən 30 pilləkən keçməli olur. O, son on gündə tibbi müayinədən keçirilməyib və başgicəllənmə, bədən titrəməsi, güclü halsızlıqdan əziyyət çəkir. Onun artıq 14 kiloqramdan çox çəki itirdiyi, Craig Foremanın isə təxminən 16 kiloqram arıqladığı qeyd olunur.
HRANA-ya danışan mənbənin sözlərinə görə, cütlüyə yalnız vəkilləri ilə telefon danışığına icazə verilib. Onların ailə üzvləri, uşaqları və hətta bir-biri ilə əlaqə saxlamasına qadağa qoyulub. Bundan başqa, Böyük Britaniya səfirliyinin göndərdiyi dərmanlar, eynəklər, kitablar və gigiyena vasitələri həbsxana rəhbərliyinin razılığı olmasına baxmayaraq, təhlükəsizlik bölməsi tərəfindən onlara çatdırılmayıb.
Mənbə bildirib ki, Craig və Lindsay Foreman BBC World News-a həbsxanadan verdikləri müsahibələrdə İranda həyata keçirilən edamlardan danışdıqdan sonra onlara qarşı təzyiqlər daha da artıb. Craig Foreman həbsdə olduğu müddətdə ölüm hökmünə məhkum edilmiş məhbuslarla bir kamerada qaldığını və edam üçün aparılan şəxslərin şahidi olduğunu bildirib. Lindsay Foreman da müsahibəsində İranda edamlarla bağlı fikirlərini səsləndirib.
Cütlük bildirib ki, İranda edamlar barədə danışan şəxslər əsas hüquqlarından məhrum edilə bilərlər və hakimiyyət edamların həyata keçirilməsindən çox, onların ictimailəşdirilməsinə sərt reaksiya verir.
HRANA-nın məlumatına əsasən, Lindsay Foreman artıq 49 gündür, Craig Foreman isə 58 gündür aclıq aksiyası keçirir. Onlar 2026-cı ilin may ayında həbs şəraitinə və ailələri ilə telefon əlaqəsinin kəsilməsinə etiraz olaraq aksiyaya başlayıblar. Lindsay Foremanın səhhəti bu müddətdə ciddi şəkildə pisləşib, onda kəskin çəki itkisi, qanda şəkərin azalması və arterial təzyiqdə dəyişikliklər müşahidə olunur.
Məlumata görə, 2026-cı ilin iyununda apellyasiya məhkəməsi cütlüyə verilən həbs cəzasını qüvvədə saxlayıb. Bundan əvvəl, 2026-cı ilin fevralında Abolghasem Salavatinin sədrliyi ilə keçirilən məhkəmə prosesində onlar "casusluq" ittihamı ilə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Craig və Lindsay Foreman məhkəmədə onlara qarşı heç bir sübut təqdim edilmədiyini və müdafiə hüququnun təmin olunmadığını bildiriblər.
Dünya səyahəti çərçivəsində motosikletlə İrana daxil olan britaniyalı cütlük 2025-ci ilin yanvarında Kerman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb. İran hakimiyyəti onları turizm və tədqiqat fəaliyyəti adı altında müxtəlif vilayətlərdə məlumat toplamaqda və casusluqda ittiham edir.
Son illərdə İran hakimiyyəti casusluq və xarici dövlətlərlə əməkdaşlıq ittihamı ilə bir sıra xarici vətəndaşları həbs edib. İnsan haqları təşkilatları və bir sıra Qərb ölkələri bu həbslərin siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini bildirsələr də, İran hakimiyyəti bu ittihamları rədd edir.