Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmasının alyansı daha da gücləndirəcəyini bildirib.
Zelenski çıxışında Ukraynanın müdafiə imkanlarına diqqət çəkərək bildirib ki, belə güclü hərbi potensiala malik ölkənin NATO-dan kənarda qalması doğru deyil.
“Doğrudanmı hesab edirsiniz ki, belə müdafiə qabiliyyətinə malik ölkə və xalq NATO-dan kənarda qalmalıdır? Ukraynalılar artıq döyüşməyi bacarır və bu imkanların kollektiv müdafiə sisteminin bir hissəsinə çevrilməsi hamımızı daha güclü edəcək”, – deyə o vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, ölkəsi artıq demək olar ki, bütün zəruri silah növlərini hazırlayıb. Bununla yanaşı, o, Avropa ölkələrinin ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemlərinə alternativ yaradılması istiqamətində Kiyevə dəstək verməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, bu cür sistemlər ölkəni ballistik raket hücumlarından qorumaq üçün həyati əhəmiyyət daşıyır.
Zelenski daha əvvəl də Ukraynanın NATO ailəsinin bir hissəsi olduğunu və birlikdə “gələcəyin alyansını” formalaşdırdıqlarını söyləmişdi.
Bununla belə, Aleksandr Stubb yaxın günlərdə bildirib ki, Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü hazırda alyansın siyasi gündəmində yoxdur. Onun fikrincə, Kiyevlə əməkdaşlıq daha da dərinləşdirilməli və ölkəyə blok üzvlərinə bənzər status verilməlidir.
Bundan əvvəl isə NATO-nun baş katibi Mark Rutte Ukraynanın hazırda alyansa üzvlüyü üçün real perspektivin olmadığını açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.