AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın enerji diplomatiyası regionun davamlı inkişafına xidmət edir

  • + A
  • - A
  • Bu gün, 16:00

    Azərbaycanın enerji diplomatiyası regionun davamlı inkişafına xidmət edir


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş”in təsdiq edilməsi haqqında Fərman imzaladı. Bu Fərman bir daha göstərir ki, enerji sahəsində qurulan əməkdaşlıq təkcə kommersiya xarakteri daşımır, həm də Cənubi Qafqazın geosiyasi və iqtisadi sabitliyinin əsas sütunlarından biridir.

    Azərbaycan–Gürcüstan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun rəhbərliyi dövründə iki ölkə arasında qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan münasibətlər formalaşdırıldı. 1990-cı illərin mürəkkəb geosiyasi şəraitində ulu öndər Heydər Əliyev Gürcüstanın sabitliyini və müstəqilliyini regionun təhlükəsizliyi baxımından mühüm amil kimi qiymətləndirir, Tbilisi ilə sıx siyasi dialoqun tərəfdarı kimi çıxış edirdi. Onun təşəbbüsü və qətiyyətli siyasi iradəsi nəticəsində Bakı–Supsa neft kəməri, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri və sonradan reallaşan digər regional enerji layihələrinin əsası qoyuldu. Bu strateji qərarlar təkcə Azərbaycan və Gürcüstanın iqtisadi inkişafına deyil, həm də Cənubi Qafqazın beynəlxalq enerji və nəqliyyat xəritəsində mühüm mövqe qazanmasına xidmət etdi.

    Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev də həmin siyasi kursu uğurla davam etdirərək Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığını daha da dərinləşdirib və onu regionun ən etibarlı əməkdaşlıq modelinə çevirib.

    2026-cı il mayın 18-də Bakıda imzalanmış sazişin təsdiqi Azərbaycan ilə Gürcüstan arasında uzun illər ərzində formalaşmış etibarlı strateji tərəfdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir. Bu sənəd iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın davamlılığını təmin etməklə yanaşı, regionun enerji xəritəsində Azərbaycanın aparıcı rolunu bir daha təsdiqləyir.

    Azərbaycan artıq uzun illərdir ki, etibarlı enerji təchizatçısı kimi beynəlxalq nüfuz qazanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş enerji siyasəti nəticəsində ölkəmiz təkcə karbohidrogen ixrac edən dövlət deyil, həm də Avropa və region ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verən strateji tərəfdaşa çevrilib. Gürcüstanla yeni saziş də məhz bu siyasətin ardıcıl davamıdır.

    Gürcüstan Azərbaycan üçün sadəcə qonşu dövlət deyil. Bu ölkə Cənubi Qafqaz enerji dəhlizinin əsas tranzit halqası, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Cənubi Qafqaz Boru Kəmərinin və Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsidir. Təbii qaz təchizatı üzrə yeni hüquqi mexanizmin yaradılması həm mövcud infrastrukturun səmərəli istifadəsinə, həm də gələcək enerji layihələrinin etibarlılığına əlavə təminat yaradır.

    Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Xüsusilə son illərdə qlobal enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, Avropada enerji mənbələrinin şaxələndirilməsinə artan tələbat Azərbaycanın əhəmiyyətini daha da yüksəldib. Belə şəraitdə Gürcüstanla imzalanan saziş yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə Avropa istiqamətində enerji axınının davamlılığına xidmət edir.

    Bu sənəd iqtisadi baxımdan da mühüm nəticələr vəd edir. Azərbaycanın qaz ixracının uzunmüddətli müqavilələr əsasında davam etdirilməsi dövlət büdcəsinə sabit valyuta daxilolmalarını təmin edir, enerji sektoruna investisiya cəlbediciliyini artırır və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, Gürcüstanın enerji təminatının sabitləşməsi regionda iqtisadi aktivliyə və logistika imkanlarının inkişafına müsbət təsir göstərir.

    Fərmanda Saziş qüvvəyə mindikdən sonra onun icrasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunması iqtisadi mexanizmlərin operativ və səmərəli şəkildə həyata keçiriləcəyini göstərir. Xarici İşlər Nazirliyinin dövlətdaxili prosedurların tamamlanması barədə Gürcüstan tərəfinə rəsmi bildiriş göndərməsi isə beynəlxalq hüququn tələblərinə uyğun öhdəliklərin icrasına Azərbaycanın verdiyi önəmi nümayiş etdirir.

    Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri onun etibarlılıq prinsipinə söykənməsidir. İndiyədək ölkəmiz üzərinə götürdüyü bütün beynəlxalq enerji öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirib. Bu amil Azərbaycanın beynəlxalq tərəfdaşlar arasında etimadını artırmaqla yanaşı, yeni müqavilələrin bağlanmasını da sürətləndirir.

    Bu baxımdan Gürcüstanla təbii qazın təchizatına dair yeni saziş təkcə növbəti beynəlxalq sənəd deyil. O, Azərbaycanın regional liderliyini, enerji diplomatiyasının uğurlarını və Cənubi Qafqazda uzunmüddətli iqtisadi inteqrasiyanın dərinləşməsini təmin edən mühüm strateji addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir, Azərbaycanın etibarlı tərəfdaş statusunu möhkəmləndirir və regionun davamlı inkişafına xidmət edən yeni imkanlar yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR