Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara ABŞ-ın CAATSA qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ləğv ediləcəyinə ümid edir. Məhz həmin sanksiyalar nəticəsində Türkiyə F-35 beşinci nəsil qırıcı təyyarələri proqramından çıxarılmışdı.
"CAATSA sanksiyalarının yaxın gələcəkdə ləğv olunacağına ümid edirik", – deyə Hakan Fidan vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da F-35 proqramı ilə bağlı məsələnin müsbət həll olunacağına inandığını bəyan etmişdi.
Xatırladaq ki, ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almasını əsas gətirərək Türkiyəyə F-35 qırıcılarının tədarükünü dayandırmış və ölkəni proqramdan kənarlaşdırmışdı. Tərəflər artıq bir neçə ildir Türkiyənin proqrama qaytarılması ilə bağlı danışıqlar aparırlar. Son məsləhətləşmələr ABŞ Prezidenti Donald Trampın iyul ayında Ankaraya səfəri zamanı baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.