Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Bu gün start götürən IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüşü deyil, həm də qlobal siyasətə, beynəlxalq münasibətlərə və regional təhlükəsizliyə dair mühüm mesajların verildiyi strateji platformaya çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı və suallara cavabı Azərbaycanın xarici siyasət kursunu, milli maraqlarını və gələcək hədəflərini bir daha aydın şəkildə ortaya qoydu.
Dövlət başçısının ən diqqətçəkən fikirlərindən biri Azərbaycanın artıq "ortasəviyyəli güc" kimi formalaşması barədə səsləndirdiyi qiymətləndirmə oldu. Bu yanaşma ölkəmizin iqtisadi, siyasi, hərbi və diplomatik imkanlarının beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Orta güc statusu təkcə iqtisadi imkanlarla ölçülmür. Əsas meyar dövlətin milli maraqlarını müstəqil şəkildə müdafiə etmək, beynəlxalq proseslərə təsir göstərmək, regional təhlükəsizliyin təmin edilməsində söz sahibi olmaq və etibarlı tərəfdaş kimi qəbul edilməsidir. Son illərdə Azərbaycanın qazandığı uğurlar bu meyarların böyük hissəsini artıq reallığa çevirib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt geosiyasi intriqaların alətinə çevrilməyib. Xüsusilə Cənubi Qafqazın böyük dövlətlərin qarşıdurma meydanına çevrilməsinin qarşısının alınması ölkəmizin balanslaşdırılmış və müstəqil siyasətinin nəticəsidir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət prinsipi əsasında münasibətlər quraraq milli maraqlarını hər zaman üstün tutub. Bu siyasət ölkəmizi xarici təsirlərdən qoruyub və regionda sabitliyin əsas təminatçılarından birinə çevirib.
Forumda Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirilən fikirlər də xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini açıq ifadə edərək müharibənin dayandırılmasının vacibliyini bildirdi. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa, sülhə və humanitar dəyərlərə əsaslanan xarici siyasətinin davamıdır. Azərbaycan münaqişələrin yalnız dialoq və beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyən dövlət kimi öz mövqeyini qoruyur.
Prezidentin Azərbaycanın artan beynəlxalq nüfuzu barədə söylədiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin artıq maddi, siyasi və diplomatik imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq humanitar təşəbbüslərdə, enerji təhlükəsizliyində, nəqliyyat layihələrində və inkişaf etməkdə olan dövlətlərə dəstək göstərilməsində mühüm rol oynamasına şərait yaradıb. Azərbaycanın Qoşulmama Hərəkatına 120 dövlətin yekdil dəstəyi ilə sədr seçilməsi də məhz bu etimadın göstəricisidir. Bu fakt ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun real ifadəsidir.
Şuşa Forumunda Avropa Şurası ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın milli maraqlar məsələsində güzəştə getməyəcəyini nümayiş etdirdi. Prezident İlham Əliyev AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi qərarları siyasi ayrı-seçkilik kimi qiymətləndirərək, ölkəmizin Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini bildirdi. Bu mövqe göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurmağa hazırdır. Ədalətsiz yanaşmalar isə qəbul edilməyəcək.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı irəli sürdüyü təkliflər də diqqətəlayiqdir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına rotasiya prinsipi ilə daimi təmsilçilik verilməsi ideyası daha ədalətli və balanslı beynəlxalq idarəetmə modelinin formalaşdırılmasına xidmət edir. Bu təklif Azərbaycanın artıq yalnız regional deyil, qlobal idarəetmə məsələlərində də konseptual təşəbbüslərlə çıxış etdiyini göstərir.
Forumun əsas mesajlarından biri də milli birlik və dövlətçilik məsələsi oldu. Prezident İlham Əliyev dünyada yeni təhlükələrin meydana çıxdığını, Azərbaycana qarşı müxtəlif təzyiq cəhdlərinin davam etdiyini qeyd edərək cəmiyyətimizin birliyinin qorunmasının həyati əhəmiyyət daşıdığını bildirdi. Məhz milli həmrəylik Azərbaycanın son illərdə qazandığı bütün uğurların əsas dayağıdır.
Şuşadan verilən mesajlar göstərir ki, Azərbaycan artıq regionun gələcəyini müəyyən edən əsas aktorlardan biridir. Ölkəmiz öz milli maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamını dəstəkləyir və müstəqil siyasət kursundan geri çəkilmək niyyətində deyil. Bu gün Azərbaycanın sözünə beynəlxalq səviyyədə daha çox diqqət yetirilir və ölkəmizin geosiyasi çəkisi durmadan artır.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqləyir ki, Azərbaycan yalnız regional lider deyil, həm də qlobal proseslərə təsir göstərən, təşəbbüslər irəli sürən və beynəlxalq etimad qazanan müstəqil dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.