Akademik İbrahim Cəfərov14 iyul 1969-cu il Azərbaycan tarixində respublikamızın inkişaf istiqamətini dəyişən, gələcək dövlətçilik modelinin əsasını qoyan dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkədə yeni idarəçilik fəlsəfəsi formalaşdı, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, təhsilin, elmin və mədəniyyətin inkişafına əsaslanan uzunmüddətli strategiyanın təməli atıldı.
1969-cu ildən əvvəl Azərbaycan keçmiş SSRİ-nin geridə qalan respublikalarından biri hesab olunurdu. Sənaye istehsalı zəif inkişaf edir, milli kadrların rəhbər vəzifələrdə təmsilçiliyi məhdud idi, sosial infrastruktur bugünkü tələblərdən çox uzaqda qalırdı. Ulu Öndər Heydər Əliyev qısa müddətdə vəziyyəti dəyişməyi bacardı. Yeni zavod və fabriklər yaradıldı, kənd təsərrüfatında məhsuldarlıq artdı, yollar, məktəblər, xəstəxanalar tikildi, minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Məhz həmin dövrdə formalaşan peşəkar milli kadrlar sonradan müstəqil Azərbaycanın quruculuğunda mühüm rol oynadılar.
Ən vacib məqamlardan biri isə milli dövlətçilik düşüncəsinin gücləndirilməsi idi. O dövrün mürəkkəb siyasi şərtlərinə baxmayaraq, Heydər Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur, xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasına xüsusi diqqət yetirirdi. Bu siyasət gələcək müstəqilliyimizin ideoloji əsaslarını formalaşdırdı.
1993-cü ildə Azərbaycan yenidən ciddi təhlükələrlə üz-üzə qalanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Dövlət institutları möhkəmləndirildi, siyasi sabitlik təmin olundu, qanunun aliliyi bərqərar edildi. Məhz bu sabitlik iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın əsas şərtinə çevrildi.
Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın taleyini dəyişən ən mühüm qərarlardan biri oldu. "Əsrin müqaviləsi" ilə ölkəyə milyardlarla dollar investisiya cəlb edildi, Azərbaycanın dünya enerji bazarındakı mövqeyi möhkəmləndi, iqtisadi müstəqilliyin təməli yaradıldı. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkəmizi Avrasiyanın strateji tərəfdaşlarından birinə çevirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Müstəqil xarici siyasət həyata keçirən, güclü iqtisadiyyata, müasir orduya və artan beynəlxalq nüfuza malik Azərbaycan artıq regionun aparıcı dövlətidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparır, yeni şəhərlər və kəndlər salır, "Böyük Qayıdış" proqramını uğurla həyata keçirir.
Əgər 1969-cu ildə Azərbaycan inkişaf yolunun başlanğıcında idisə, bu gün həmin strateji baxışın nəticəsi olaraq dünyanın etibarlı tərəfdaşı, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən, beynəlxalq təşəbbüslərlə çıxış edən güclü dövlətdir. Azərbaycanın orta güc kimi beynəlxalq münasibətlər sistemində artan rolu, iqtisadi dayanıqlılığı və siyasi nüfuzu məhz illər əvvəl müəyyən edilmiş uzaqgörən inkişaf strategiyasının bəhrəsidir.
14 iyul tarixi bizə bir daha xatırladır ki, güclü dövlət təsadüfən yaranmır. O, uzaqgörən liderliyin, düşünülmüş siyasətin, xalqın birliyinin və milli maraqlara sadiqliyin nəticəsində formalaşır. Azərbaycanın keçdiyi inkişaf yolu bunun ən parlaq nümunəsidir. Bu gün əldə etdiyimiz uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası dayanır və bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.