Azərbaycanın qətiyyətli və prinsipial siyasəti bir daha Şuşadan dünyaya bəyan olundu

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
İyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu maraqlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlərlə yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumun yalnız respublikamızda deyil, qlobal səviyyədə böyük maraq doğuran tədbiri Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırması oldu. Cənab Prezident nüfuzlu media strukturlarının nümayəndələrinin və ekspertlərin suallarını cavablandırarkən Azərbaycanın müxtəlif məsələlərə dair siyasi baxışını təqdim etdi, ölkəmizin strateji prioritetlərini, regional və qlobal proseslərə yanaşmasını, sülh gündəliyini, beynəlxalq əməkdaşlıq istiqamətlərini, gələcək inkişaf hədəflərini dolğun şəkildə dünya ictimaiyyətinə çatdırdı.
Əvvəlcə onu qeyd etməliyik ki, bu tədbir Azərbaycan Prezidentinin yüksək siyasi liderlik keyfiyyətlərinin növbəti təcəssümü oldu. Ünvanlanan sualların peşəkarlıqla, faktlara və beynəlxalq siyasi reallıqlara əsaslanan şəkildə cavablandırması dövlətimizin başçısının dərin siyasi-diplomatik erudisiyasını, geosiyasi prosesləri dəqiq təhlil etmək bacarığını bir daha qlobal auditoriyanın diqqətinə çatdırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarına verdiyi cavablar ilk gündən xarici KİV-in diqqət mərkəzindədir.
Şuşa Qlobal Media Forumuna gəldikdə isə qeyd etməliyik ki, Azərbaycanın uğurlarını, müasir qlobal siyasi-iqtisadi proseslərdəki iştirakını dünyaya çatdıran bu tədbir artıq beynəlxalq status qazanıb. IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın KİV nümayəndəsinin, ekspertin və rəsmi şəxslərin iştirakı da artıq bu tədbirin beynəlxalq media platforması olduğunu təsdiq edir. Ümumilikdə isə son dörd il ərzində 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirməsi Foruma olan böyük beynəlxalq maraqdan xəbər verir.
Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni siyasi dialoq və qlobal fikir mübadiləsi məkanı kimi çıxış edir. Ən əsası, bu tədbir Qarabağın əzəli Azərbaycan yurdu olduğunu, dövlətimizin işğaldan azad edilmiş ərazilərdəki quruculuq əzmini dünyaya bəyan edir. Bu baxımdan Şuşa Qlobal Media Forumunun məqsəd və mahiyyəti ilə bağlı ən dolğun fikri Prezident İlham Əliyev ifadə edib.
“Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir”, - deyə dövlətimizin başçısı bildirib.
Cənab Prezident Forumda çoxsaylı sualların hər birinin cavabında Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətini, beynəlxalq hüquqa söykənən mövqeyini, geosiyasi prioritetlərini, regional lider və qalib dövlət kimi formalaşdırdığı yeni reallıqları sistemli şəkildə şərh etdi. Dövlətimizin başçısının şərhləri, məsələlərə yanaşması, səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin prioritet prinsiplərinin dəyişməz qaldığını nümayiş etdirdi. Cənab Prezident Azərbaycanın Türkiyə ilə münasibətlərini tətbiq edilməli nümunə kimi dəyərləndirdi, Pakistan, Mərkəzi Asiya dövlətləri və digər dost ölkələrlə əlaqələrinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Bu dövlətlərlə münasibətlər ortaq tarixi-mədəni dəyərlərə, qarşılıqlı siyasi etimada və strateji tərəfdaşlıqlara əsaslanmaqla yanaşı, regional əməkdaşlığın genişlənməsinə, Avrasiya məkanındakı iqtisadi bağlantıların inkişafına xidmət edir.
Ölkə başçısı Azərbaycan-ABŞ münasibətlərinə də toxunaraq qeyd etdi ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bəli, Bayden Administrasiyasının dövründəkindən fərqli olaraq bu gün Azərbaycan-ABŞ münasibətləri tamamilə konstruktiv məcrada və strateji əməkdaşlıq ruhunda inkişaf edir. Prezident İlham Əliyevin “Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik” fikri Bakı-Vaşinqton xəttinin strateji xarakterini dünyaya təqdim etdi.
Ümumilikdə, dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində qarşıdurmanı deyil, dialoqu və əməkdaşlığı təşviq edən, bütün tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verən müstəqil siyasi kurs həyata keçirir. Milli maraqların qorunması, strateji tərəfdaşlıqların genişləndirilməsi isə ölkəmizin xarici siyasətinin dəyişməz istiqamətləri olaraq qalır.
Bu kontekstdə ölkə başçısının anti-Azərbaycan mövqedə dayanan, respublikamıza qarşı ədalətsiz və qərəzli münasibət ortaya qoyan Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti ilə bağlı fikirləri ölkəmizin milli maraqlara söykənən prinsipial və qətiyyətli xarici siyasət kursunun növbəti ifadəsi kimi diqqət çəkdi. Prezident İlham Əliyevin “Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər” fikri növbəti dəfə göstərdi ki, Azərbaycan hər hansı xarici təzyiq və ya qərəzli qətnamələr qarşısında geri çəkilməyən, milli maraqlarını qətiyyətlə müdafiə edən müstəqil dövlətdir. Beləliklə, dövlətimizin başçısının Forumda bununla bağlı verdiyi mesajlar bu siyasi xəttin ardıcıl, prinsipial və qətiyyətli olduğunu növbəti dəfə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin respublikamıza qarşı qərəzli mövqedə dayanan siyasi mərkəzlərlə bağlı fikirləri həm də bütün antiazərbaycançı dairələrə, o cümlədən, özünü müxalifət hesab edən qaragüruh qruplaşmalara verilən cavab idi. Bu gün əsasən Qərb ölkələrində fəaliyyət göstərən bu antimilli qruplaşmalar antiazərbaycançı şəbəkənin elementləri qismində Azərbaycanın uğurlarına kölgə salmağı qarşıya məqsəd qoyan, ölkəmizə böhtan atan fəaliyyətlə məşğuldurlar. Onların əsas havadarları isə dünya erməniliyinin əlində alətə çevrilən AŞPA və Avropa Parlamentidir. Bu təşkilatlar Azərbaycana qarşı qəbul etdikləri qərəzli və böhtançı qətnamələrdə məhz həmin antimilli qruplaşmaların ünsürlərinin göndərdiyi saxta hesabatlara əsaslanırlar.
Bu gün dövlətlərin gücü həm də yaratdıqları nəqliyyat, enerji, rəqəmsal və logistika bağlantılarının miqyası ilə ölçülür. Azərbaycan həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu istiqamətdə mühüm nəticələr əldə edib. Prezident İlham Əliyevin fikirlərində bu məsələlər xüsusi yer tutdu və dövlət başçısı vurğuladı ki, Azərbaycanın müasir logistika infrastrukturu və tranzit imkanları ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycanın oynadığı rol daha da yüksəlib. Prezident İlham Əliyevin fikirlərində diqqət çəkən digər məqam bağlantıların həm də beynəlxalq əməkdaşlığa xidmət etməsi idi. Reallıq da ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri müxtəlif regionları bir-birinə yaxınlaşdırır, etimadı artırır və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır.
Bu kimi amillər həm də Azərbaycanın regional aparıcı dövlət statusunu geridə qoyaraq orta güc kimi çıxış etməsinə yol açır. Bu günkü beynəlxalq münasibətlər sistemində orta güc anlayışı regional və qlobal əməkdaşlığa verilən töhfələrlə ölçülür. Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında, inkişafında oynadığı rol, mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq təşkilatların işində fəal iştirakı ölkəmizin orta gücə çevrildiyini göstərən siyasi-iqtisadi faktorlardır. Cənab Prezidentin Forumda qeyd etdiyi kimi ötən otuz ildən çox müddətdə Azərbaycan orta gücə malik dövlətə çevrilib.
Bütövlükdə, cənab Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı fikirləri Azərbaycan dövlətinin hər bir istiqamət üzrə yürütdüyü siyasətinin əsas konturlarını bir daha nümayiş etdirdi, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və möhkəmlənən mövqelərini əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Ölkə başçısının qeyd etdiyi hər bir məsələ təsdiqlədi ki, Azərbaycan beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edən dövlətlərdən biridir.
2
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.