AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub

  • + A
  • - A
  • Bu gün, 20:55

    Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub

    Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon danışığı bir il əvvəl keçirilmiş Vaşinqton sammitinin ildönümünə həsr olunub.

    Tərəflər bu hadisənin Azərbaycan-Ermənistan münasibətləri baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə regiondakı münaqişəyə son qoyub və sülhü möhkəmləndirib.

    Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Bakı ilə İrəvan arasında sülh prosesinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

    İlham Əliyev isə Vaşinqton sülh sammitinin keçirilməsinə və sülh gündəliyinə verdiyi töhfəyə görə Donald Trampa təşəkkürünü bildirib.

    Danışıq zamanı ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, regionda sülhə xələl gətirə biləcək heç bir insidentin baş vermədiyi məmnunluqla qeyd edilib.

    Prezidentlər həmçinin “Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Donald Tramp marşrutun Ermənistan ərazisindən keçən hissəsinin tikintisinə yaxın vaxtlarda başlanacağını bildirib.

    Müsbət məqamlar sırasında Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması və iki ölkə arasında ticarət əlaqələrinin başlaması qeyd olunub.

    Telefon danışığı zamanı beynəlxalq gündəliyin mühüm məsələləri, həmçinin Bakı ilə Vaşinqton arasında münasibətlər də müzakirə edilib.

    İlham Əliyev və Donald Tramp Azərbaycan-ABŞ strateji tərəfdaşlığının uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

    Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycan-Amerika əlaqələri keyfiyyətcə yeni və yüksək mərhələyə yüksəlib və strateji xarakter alıb.

    Azərbaycan Prezidenti həmçinin Donald Trampa qışda Mayamidə keçiriləcək G20 sammitinə dəvətə görə təşəkkür edib.

    Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR