Polşanın Bıdqoş şəhərində yetkin yaşda olan bir kişi və qadın ukraynalı iki yeniyetməyə hücum edib. Bu barədə Ukraynanın Baş Konsulluğu məlumat yayıb.
Hadisə avqustun 14-də dəmiryol vağzalının yaxınlığındakı parkda baş verib. Məlumata görə, polşalı cütlük əvvəlcə 14 yaşlı qıza və onun 12 yaşlı qardaşına hədə-qorxu gəlib, onları təhqir edib. Hücuma səbəb uşaqların ukraynaca danışması olub.
Daha sonra hücum edənlər qızın qolunu burub, oyuncaq pilotsuz uçuş aparatını sındırıblar. Onlar dronun qırılmış hissələrini oğlana ataraq onu yaralayıblar.
Zərərçəkən uşaqların anası hadisə ilə bağlı polisə müraciət edib. Hücumda şübhəli bilinən şəxslərin axtarışa verildiyi bildirilir.
Bu, son günlər Polşada ukraynalılara qarşı baş verdiyi bildirilən ilk belə hadisə deyil. Avqustun 2-də Koşuxuv şəhərində hosteldə ukraynalı kişi və qadın döyülüb. İddiaya görə, münaqişə avtomobildən səslənən musiqi səbəbindən başlayıb və hücum edənlərdən biri “Ukraynaya get” ifadəsini işlədib.
İyulun sonunda isə Polşanın Vrotslav şəhərində üç yerli sakin mağazada eşitdikləri ukrayna aksentinə görə ukraynalı kişini və onun sevgilisini döyüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.