Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Normanın Bakıda keçirdiyi mətbuat konfransında diqqətçəkən protokol pozuntusuna yol verilib.
Tədbirdən yayılan görüntülərdə səfirin arxasında Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqları yerləşdirilib. Qarşıdan baxdıqda Britaniya bayrağı solda, Azərbaycan bayrağı isə sağda görünür.
Halbuki “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, Azərbaycan Dövlət bayrağı digər dövlətlərin bayraqları ilə birgə yerləşdirildikdə qarşıdan baxılarkən solda olmalıdır.
Yəni düzgün düzülüş belə olmalı idi:
Azərbaycan — solda, Böyük Britaniya — sağda.
Məsələni yalnız səfirliyin protokol xidmətinin üzərinə qoymaq da doğru olmaz. Tədbir Bakıda Landmark biznes mərkəzində keçirilib. Belə nüfuzlu məkanda keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının dövlət rəmzlərindən qanunvericiliyə uyğun istifadə edilməsinə məkanın məsul şəxsləri də diqqət yetirməlidirlər. Ən azı aşkar uyğunsuzluq görüldükdə, bu detal mütləq mənada təşkilatçıların diqqətinə çatdırılmalıdır.
Söhbət adi dekorasiyadan deyil, Azərbaycan Respublikasının dövlət rəmzindən gedir. Xarici diplomatik nümayəndəliklərin tədbirlərində isə belə protokol məsələlərinə xüsusilə həssas yanaşılmalıdır.
Ümid edək ki, bu, sadəcə təşkilati-protokol səhvidir və həm Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, həm də Landmark-ın məsul şəxsləri gələcək tədbirlərdə Azərbaycan Dövlət bayrağının qanunla müəyyən edilmiş yerləşdirilmə qaydasına ciddi əməl edəcəklər.
Məqalə Məhəmmədəli Qəriblinin sosial media hesabından götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.