Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən və Dövlət Dumasına seçkilərdə namizəd kimi irəli sürülən şəxslər parlamentin aşağı palatasında layiqli fəaliyyət göstərəcəklər.
Putin bu barədə “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı deyib. O, hərbçilərə “hərbi şücaətinə və gərgin əməyinə görə” təşəkkür edib.
Rusiya lideri qeyd edib ki, qarşıdakı payız seçkilərində döyüş xəttində olan hərbçilər də səs verəcəklər. Onun sözlərinə görə, seçicilərin etimadı deputatların üzərinə böyük məsuliyyət qoyur.
Putin vurğulayıb ki, Dövlət Duması və digər dövlət qurumları ölkənin maraqlarını qətiyyətlə müdafiə etməyə, xalqa xidmət göstərməyə və insanların mənafeyi naminə çalışmağa hazır olmalıdır.
Moskvada keçirilən “Vahid Rusiya” qurultayının ikinci mərhələsində ölkənin müxtəlif bölgələrindən 3 minədək nümayəndə iştirak edir. Qurultayın yekununda partiyanın sentyabrda keçiriləcək Dövlət Dumasına seçkiləri üçün yeni Xalq Proqramının qəbul ediləcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.