Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Vladivostok şəhərində Primorsk səhnəsində olub.
Səfir Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri, Azərbaycanın tanınmış mədəniyyət xadimi Eldar Əliyevlə görüşüb. Qeyd edək ki, Eldar Əliyev 2024-cü ilin noyabrında xoreoqrafiya sənətinin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Rusiya Federasiyasının Xalq artisti” fəxri adına layiq görülüb.
Rəhman Mustafayev, həmçinin Primorsk diyarında fəaliyyət göstərən Azərbaycan icmasının fəalları ilə görüşüb. Görüşdə icmanın fəaliyyəti və azərbaycanlıların qarşılaşdığı aktual məsələlər müzakirə olunub.
Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatına görə, səfir icmanın Primorsk diyarının sosial-iqtisadi inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, eləcə də Azərbaycan-Rusiya dialoqu və əməkdaşlığının inkişafına verdiyi mühüm rolu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.