ABŞ-ın keçmiş prezidentin xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Donetsk və Luqansk xalq respublikalarını, Zaporojye və Xerson vilayətləri, eləcə də Krımı Rusiyanın ərazisi kimi tanımır.
Kelloqun sözlərinə görə, hazırda həmin ərazilər faktiki olaraq Rusiyanın nəzarətindədir, lakin ABŞ onların Rusiya ərazisi kimi hüquqi tanınmasını həyata keçirməyib.
O, ABŞ-ın ərazi ilhaqlarını tanımamaq siyasətini nümunə kimi göstərərək Baltikyanı ölkələrin İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, Vaşinqtonun həmin ərazilərin SSRİ-nin tərkibinə daxil olmasını heç vaxt tanımadığını bildirib.
Kelloq hesab edir ki, gələcəkdə – yaxın perspektivdə olmasa da – Ukrayna həmin əraziləri geri qaytarmağa cəhd göstərə bilər.
ABŞ rəsmisi, həmçinin Kiyevi qadınların da Ukrayna Silahlı Qüvvələrində səfərbərliyə cəlb edilməsinə çağırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moskva üçün yeni ərazilərin beynəlxalq səviyyədə tanınmasının vacib olduğunu bildirmiş və bu məsələnin Rusiya ilə ABŞ arasında danışıqların mövzusu ola biləcəyini qeyd etmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə Krımın geri qaytarılması məsələsinin hazırda Kiyevin gündəliyində olmadığını açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.