AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Rusiya və Ukraynadan taxıl ixracı üçün yeni dəhliz yaratmağa çalışır

  • + A
  • - A
  • Bu gün, 19:52

    Türkiyə Rusiya və Ukraynadan taxıl ixracı üçün yeni dəhliz yaratmağa çalışır

    Türkiyə Rusiya və Ukraynadan taxılın dəniz yolu ilə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün yeni çıxış yolları axtarır. Ankara tərəflərə yeni taxıl sazişi üzrə razılığa gəlməyi və Qara dənizdə taxıl daşımalarının təhlükəsiz həyata keçirilməsi üçün xüsusi marşrut yaradılmasını təklif edir.

    Türkiyənin “Ekonomim” nəşrinin məlumatına görə, Türkiyənin Nəqliyyat Nazirliyi Xarici İşlər Nazirliyinin dəstəyi ilə Rusiya və Ukrayna hakimiyyətləri ilə Qara dəniz akvatoriyasından dünya bazarlarına taxıl ixracı üçün yeni dəniz dəhlizinin yaradılması məsələsi üzrə fəal danışıqlar aparır.

    Məlumata görə, Türkiyənin təşəbbüsünün iki əsas məqsədi var. Bunlardan birincisi, Qara dənizdən taxıl ixracının dayanması fonunda ərzaq qiymətlərində artan inflyasiyanın qarşısını almaq, ikincisi isə Türkiyənin kommersiya gəmilərinin Qara dənizdə təhlükəsizliyini təmin etməkdir.

    “Ekonomim”ə danışan Türkiyə rəsmiləri və diplomatlar bildiriblər ki, təşəbbüs Ukrayna münaqişəsinin tərəfləri ilə son dərəcə həssas danışıqlar aparılmasını tələb edir.

    Nəşrin mənbələrinin sözlərinə görə, Türkiyə yeni taxıl dəhlizinin açılması məsələsində Moskva və Kiyevlə daimi və intensiv diplomatik təmaslarını davam etdirir. Tərəflər gəmiçiliyin təhlükəsizliyini təmin edən yeni mexanizmin yaradılması barədə razılığa gələ bilsələr, bu, həm Türkiyənin Qara dənizdəki ticarət donanmasının təhlükəsizliyini artıracaq, həm də dünyada ərzaq qiymətlərinin yüksəlməsini zəiflədə bilər.

    Bununla belə, Türkiyənin danışıqlar aparan tərəfi yeni taxıl sazişinin nə vaxt imzalana biləcəyi ilə bağlı hələlik konkret proqnoz vermir. Ankara eyni zamanda Moskva və Kiyevlə bu istiqamətdə təmasları davam etdirir.

    Türkiyə-Ukrayna İş Şurasının rəhbəri İsmayıl Ziya Üzel isə Ukrayna münaqişəsinin Qara dənizin bütün akvatoriyasına yayılmasının ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaratdığına diqqət çəkib.

    Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna taxılının dəniz yolu ilə ixracının bloklanması un və digər un məmulatlarının bahalaşmasına səbəb olur. Bu isə taxılını böyük ölçüdə qonşu ölkələrdən idxal edən və həmin taxıldan əhəmiyyətli həcmdə un və makaron məhsulları istehsal edən Türkiyə üçün birbaşa iqtisadi risk yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR