ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, İrana dəstək verən bütün tərəflər Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.
Fox News telekanalının məlumatına görə, Bessent ABŞ-ın İranın iqtisadi təcridini münaqişəni mümkün qədər tez başa çatdırmağın yollarından biri hesab etdiyini bildirib.
“Biz hamımız bu münaqişənin başa çatmasını istəyirik. Ona son qoymağın ən sürətli yolu heç kimin İrana dəstək verməməsidir. Biz belə vicdansız iştirakçıların hər birini sistemli şəkildə müəyyənləşdirəcək və aradan çıxaracağıq”, – deyə Bessent vurğulayıb.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, artıq Misir bankının Dubaydakı filiallarına qarşı sanksiyalar tətbiq edilib. ABŞ tərəfinin məlumatına görə, həmin filiallar 2025-ci ildən etibarən İrana 1,8 milyard dollardan çox vəsait təqdim edib.
Qeyd edək ki, Vaşinqton avqust ayında Tehranla əlaqələrə görə ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan “İqtisadi təcrid” əməliyyatına başladığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.