Şəhid anası haqqında yayılan iddiaları təkzib etdi: Məhkəməyə müraciət edəcəyəm

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova haqqında yayılan məlumatlara münasibət bildirib.
Bəzi sosial şəbəkə hesablarında və media resurslarında R.Qurbanovanın şəhid anası statusundan sui-istifadə etdiyi, bununla da müxtəlif dövlət imkanlarından yararlandığı iddia olunub.
Radə Qurbanova bu məlumatları qəbul etmədiyini bildirib. O, iddiaları yayan şəxslərlə bağlı hüquqi müstəvidə addımlar atacağını qeyd edib.
“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”, – deyə o bildirib.
Şəhid anası Şuşada tarixi qayaların üzərinə müxtəlif yazıların, o cümlədən şəhid adlarının həkk olunmasına da münasibət bildirib.
R.Qurbanova oğlu Xudayar Yusifzadənin adının qayalara yazılmasına dair “O yazını mən yazmamışam. Biz özümüz də istəyirdik ki, o yazı silinsin”, – deyə qeyd edib.
O, Xankəndidə yaradılan Zəfər Parkında Xudayar Yusifzadənin təsvirinin yerləşdirilməsini yüksək qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.