Azərbaycan və Qazaxıstan Xəzər üzərindən sərnişin əlaqələrini bərpa edir

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizi vasitəsilə sərnişin daşımalarının yenidən təşkili istiqamətində iş aparılır.
Trend-in yaydığı məlumata əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, ölkəsi Kurık limanı ilə Bakı limanı arasında sərnişin bərə xəttinin bərpasını təklif edib.
Diplomatın sözlərinə görə, Kurık–Bakı–Kurık marşrutu üzrə sərnişin daşımaları 2020-ci ilə qədər mövcud olub. COVID-19 pandemiyası ilə əlaqədar reyslərin fəaliyyəti dayandırılıb.
Səfir bildirib ki, pandemiyaya qədər hər il təxminən 1 500 sərnişin Xəzər dənizi üzərindən bu marşrutdan yararlanıb. Onun fikrincə, xəttin yenidən istifadəyə verilməsi ilə sərnişin sayının artacağı gözlənilir.
Alim Bayel qeyd edib ki, layihənin reallaşdırılması iki ölkə arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə və Orta Dəhlizin nəqliyyat imkanlarının artırılmasına şərait yaradacaq.
Azərbaycan tərəfinin də Qazaxıstanın təklifini dəstəklədiyi bildirilib. Hazırda iki ölkənin müvafiq nəqliyyat qurumları sərnişin daşımalarının bərpası ilə bağlı işləri davam etdirir.
Məlumata görə, hazırda Bakı ilə Qazaxıstanın Astana, Almatı, Şımkent, Aktau və Atırau şəhərləri arasında həftəlik 37 aviareys yerinə yetirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.