Zelenskiyə sui-qəsd müharibənin bitməsi demək deyil – Siyasi şərhçi

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdi ilə bağlı iddialar gündəmə gəlib.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Zelenskinin fiziki olaraq aradan götürülməsi Rusiya-Ukrayna müharibəsinin başa çatmasına səbəb olmayacaq. Əksinə, belə bir cəhd müharibənin daha aktiv fazaya keçməsinə gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, Zelenski bu müharibəni başlamayıb və onun aradan götürülməsi münaqişənin avtomatik şəkildə sona çatması anlamına gəlmir.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ukrayna Prezidentinə qarşı sui-qəsd cəhdi ilə bağlı iddialar diqqəti Moskvaya yönəldir. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi artıq daha geniş geosiyasi qarşıdurmaya çevrilib və prosesdə əsas qərarlar yalnız Kiyev və Vaşinqtonda qəbul edilmir.
Siyasi şərhçi bildirir ki, hazırkı mərhələdə London, Paris və Berlinin mövqeləri də müharibənin gələcək istiqamətinə ciddi təsir göstərir. Onun fikrincə, Zelenskiyə qarşı mümkün sui-qəsd müharibəni dayandırmaq əvəzinə, eskalasiyanı daha da gücləndirə bilər. Ekspert Ukrayna tərəfinin belə bir cəhdə cavab verməsinin də istisna olmadığını vurğulayır.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın Avropa ölkələrinin təhlükəsizliyinə təhdid yaradan yanaşmaları da diqqət çəkir. O, Avropanın müxtəlif ölkələrində partlayışlar və dron hücumları ilə bağlı məlumatların ortaya çıxdığını qeyd edir.
Ekspert hesab edir ki, Moskvanın əsas məqsədlərindən biri Avropanı zəiflətmək və Şərqi Avropada təsir imkanlarını genişləndirməkdir. Bununla belə, onun fikrincə, Kremlin planları heç də həmişə nəzərdə tutulduğu kimi reallaşmır.
Siyasi şərhçi Rusiyanın hazırda ciddi problemlərlə üz-üzə olduğunu bildirir. Onun sözlərinə görə, Moskvanın müharibəni hansı formada başa çatdıracağı ilə bağlı aydın strategiyası görünmür. Eskalasiyanın davam etməsi isə münaqişənin Ukrayna ərazisindən kənara çıxması riskini artırır.
Məhəmməd Əsədullazadə hesab edir ki, proseslərin bu istiqamətdə davam etməsi Rusiya ilə Avropa arasında açıq qarşıdurma riskini daha da yüksəldə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.