AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev Kəlbəcərin işğalı zamanı yaşananları xatırladı: “Həmin günləri böyük faciə hissi ilə xatırlayıram”

  • + A
  • - A
  • Bu gün, 21:38

    Hikmət Hacıyev Kəlbəcərin işğalı zamanı yaşananları xatırladı: “Həmin günləri böyük faciə hissi ilə xatırlayıram”

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Kəlbəcərin işğalı nəticəsində insanların üzləşdiyi ağır vəziyyətdən danışıb.

    Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bunu Kəlbəcərdə təşkil olunan II Bal Festivalında çıxışı zamanı deyib.

    Hikmət Hacıyev bildirib ki, 1993-cü ildə 13-14 yaşlarında olmasına baxmayaraq, Kəlbəcər sakinlərinin doğma yurdlarından didərgin düşərək Gəncəyə sığınmasını yaxşı xatırlayır.

    “1993-cü ilin o qanlı günlərini yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”, – deyə o bildirib.

    Onun sözlərinə görə, həmin dövrdə məcburi köçkünlərin yerləşdirildiyi ünvanlardan biri Gəncə Dövlət Tibb Universitetinin yataqxanası olub.

    “Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır. Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram”, – Hikmət Hacıyev deyib.

    Prezidentin köməkçisi vurğulayıb ki, bu gün Kəlbəcərdə tamamilə fərqli mənzərə hökm sürür.

    “Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək”, – deyə o qeyd edib.

    Hikmət Hacıyev kəlbəcərliləri təbrik edib, həmçinin müxtəlif ölkələrdən Kəlbəcərə gələn diplomatların qarşılanmasına görə yerli sakinlərə təşəkkürünü bildirib.

    “Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”, – deyə Prezidentin köməkçisi əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR