Nobel laureatı Əziz Səncərdən Prezident İlham Əliyevə məktub

Kimya üzrə Nobel mükafatı laureatı, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Alim məktubunda “Şöhrət” ordeni ilə təltif edilməsinə görə dövlət başçısına təşəkkürünü çatdırıb və bu hadisəni həyatının ən böyük qürur və sevinc mənbələrindən biri kimi dəyərləndirib.
Əziz Səncər Azərbaycana olan sevgisinin hər zaman səmimi hisslərdən qaynaqlandığını, bunun qarşılığında heç nə gözləmədiyini bildirib. O, Azərbaycanın qəlbində Türkiyə qədər doğma olduğunu vurğulayıb.
Nobel laureatı “Şöhrət” ordenini Azərbaycan-Türkiyə qardaşlığının mühüm rəmzi kimi qiymətləndirərək, bu təltifi böyük qürurla daşıyacağını qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Əziz Səncər Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Əziz Səncər elmi fəaliyyətinin və beynəlxalq uğurlarının yanı sıra Azərbaycan-Türkiyə münasibətlərinin və iki ölkə arasında diaspor həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrlə də diqqət çəkir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.