AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident: Audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi mühüm vəzifələrdəndir

  • + A
  • - A
  • Bu gün, 14:29

    Prezident: Audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi mühüm vəzifələrdəndir


    Prezident İlham Əliyev Azərbaycanda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili və müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Dövlət başçısı bu fikirləri Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunan “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciətində səsləndirib.

    Müraciətdə qeyd olunub ki, qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi mühüm vəzifələrdən biridir.

    Prezident bildirib ki, bu istiqamətdə süni intellekt və müasir məlumat analitikası alətlərindən istifadənin genişləndirilməsi, audit proseslərində şəffaflıq və operativliyin artırılması, beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

    Dövlət başçısı Auditorlar Palatasının ötən 30 il ərzində Azərbaycanda müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditorların hazırlanması və beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərdiyini qeyd edib.

    Müraciətdə auditor xidmətlərinin əhatə dairəsinin genişləndiyi, audit institutunun maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində və şəffaflığın artırılmasında rolunun artdığı bildirilib.

    İlham Əliyev konfransda audit fəaliyyətinin rəqəmsal transformasiyası, süni intellektin audit prosesinə inteqrasiyası, auditin strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsi, peşə etikası və ictimai etimadın möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunmasını müasir dövrün tələbləri baxımından əhəmiyyətli hesab edib.

    Prezident əminliyini ifadə edib ki, konfrans çərçivəsində aparılacaq müzakirələr Azərbaycanda auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcək.

    Dövlət başçısı Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını 30 illik yubiley münasibətilə təbrik edib, tədbirə uğurlar arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR