Hakan Fidan: Türkiyə və Azərbaycan regionda iki sabitlik adasıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunları ilə bağlı paylaşım edib.
O, “X” hesabında Bakının işğaldan azad edilməsinin 108-ci ildönümündə Azərbaycanda olmasının gözəl təsadüf olduğunu bildirib.
Hakan Fidan səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və xarici işlər naziri Ceyhun Bayramovla görüşdüyünü qeyd edib.
Nazirin sözlərinə görə, görüşlərdə Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması, Türk dünyasının gələcəyi, iqtisadi və ticari əlaqələrin inkişafı, enerji və nəqliyyat layihələri, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.
Fidan Türkiyə və Azərbaycanın regionda “iki sabitlik adası” olduğunu vurğulayıb.
O, Türkiyənin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirəcəyini və ortaq hədəflər istiqamətində birgə fəaliyyətini davam etdirəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.