Bakıdan dünyaya mühüm mesaj. Türk, İslam və Qafqaz dünyası eyni çətir altında

Prezident İlham Əliyevin dini liderlərlə görüşündə coxqütblü dünyanın yeni istiqamətləri aydın oldu.
Fərqli məkanlar eyni çətir altında toplaşdı. Bu dəfə masada hədəflər də, məqsədlər də eyni idi
Görüş həm də ona görə vacib idi ki, müxtəlif coğrafiyalarda yerləşən Türk, İslam və Qafqaz dünyası eyni masa ətrafında əyləşmişdi.
Sirr deyil ki, bu dünyaların hər birinin ayrı-ayrılıqda öz tarixi, öz dəyərləri var. Zaman-zaman onların müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Amma bu gün onların eyni platformada, eyni mərkəzdə bir araya gəlməsi təsadüfi deyil.
Hazırki qlobal dünyada islamofobiya, türkofobiya meylləri artmaqdadır. Hətta bəzi dairələrdə azərbaycanofobiya meyllərini də müşahidə edirik. Bu əsnada söyləmək olar ki, yeni reallıqlar fonunda dialoq və qarşılıqlı anlaşma müstəvisini ənənəyə çevirmək vacibdir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi mesajlar da məhz bu baxımdan diqqət çəkirdi. Amma bu dəfə ortada təkcə mesaj və çağırışlar yox, həm də bir gözlənti vardı.
“Bilirəm ki, səfər zamanı siz Qarabağa da gedəcəksiniz. Mənə verilən məlumata görə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqsınız. Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz”
Bu cümlələrin özü kifayət qədər böyük məna daşıyır.
Çünki Qarabağ və Şərqi Zəngəzura səfər edən Türk, İslam və Qafqaz dünyasının liderləri əslində keçmişlə gələcək arasında qurulan yolu keçirdilər.
Keçmiş dedikdə isə çox uzaq tarixdən danışmırıq. Söhbət təxminən otuz il davam edən işğal dövründən gedir. Həmin illərdə Azərbaycanın tarixi, dini və mədəni irsi böyük dağıntılara məruz qaldı. Məscidlər, dini abidələr, qəbiristanlıqlar, tarixi-mədəni irs nümunələri dağıdıldı, bir çoxu isə tamamilə xarabalığa çevrildi.
Bu gün isə həmin torpaqlara səfər edən din xadimləri tamam başqa mənzərə ilə qarşılaşırlar.
Onlar dağıdılmış irsin izlərini görməklə yanaşı, onun yenidən həyata qaytarılmasının da şahidi olurlar. Xarabalığın yerində bərpa, boşluğun yerində həyat, keçmişin ağrısının içində isə gələcəyə baxış var.
Düşünürəm ki, reallıqlar fonunda yaranan mənzərə hər bir dini liderin baxışında fərqli bir iz buraxacaq. Heç şübhəsiz ki, bu, qaçılmazdır.
Sonda bir reallıq da var. Əlbəttə ki, fərqli dünyalarda yaşamaq olar. Bu mümkündür. Amma bir zamanlar bizi ayıran fərqli dünyaların eyni məkanda görüşməsi artıq qeyri-adi görünməyəcək.
Bakı platforması yenə öz sözünü dedi. Türk, İslam və Qafqaz dünyası məkan olaraq Bakıda üz-üzə gəldi. Bu görüş sıradan bir görüş kimi xatırlanmayacaq. Çünki Bakı platformasında əsrlərlə buxovlanan hisslər, pas atan keçmiş və sabaha açılan gələcək danışdı. Bu mənada türk İslam və Qafqaz dünyasının nümayəndələrinin bir araya gəlməsi həm də Səlib yürüşlərinin yerini tutan bugünkü kollektiv Qərbin hücumlarına ən yaxşı cavabdır".
Namidə Bingöl
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.