Hərbi qulluqçular təltif edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında görülən işlərlə tanış olub.
Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə müdafiə nazirinə məruzə edib.
Qeyd olunub ki, Əməliyyat İmkanları Konsepsiyası bazasında həyata keçirilən tədbirlər NATO standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına yönəldilib.
Rəhbər heyət bölmənin yataqxanasına, idman və atəş şəhərciklərinə, eləcə də mühəndis, kəşfiyyat və sürücülük hazırlığı üzrə təlim mərkəzlərinə baxış keçirib. Hərbi texnikanın vəziyyəti ilə də tanış olunub.
Daha sonra NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində oktyabr ayında keçirilməsi planlaşdırılan birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq prosesi izlənilib.
Zakir Həsənov döyüş hazırlığının, maddi-texniki təminatın və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.