İlham Əliyev Estoniyanın yeni səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirkı qəbul edib.
Tiina Nirk etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüş zamanı Azərbaycan-Estoniya münasibətləri, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və müxtəlif səviyyəli təmasların əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini qeyd edərək, Aİ-nin yüksək səviyyəli rəsmilərinin bu il Azərbaycana səfərlərinə diqqət çəkib.
İlham Əliyev Estoniyanın yeni səfirinə fəaliyyətində uğurlar arzulayıb.
Tiina Nirk Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf duyduğunu bildirib. Səfir ölkələrimiz arasında, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafı istiqamətində çalışacağını deyib.
O, Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini vurğulayıb. Səfir siyasi dialoq, biznes, informasiya texnologiyaları və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu bildirib.
Tiina Nirk təhsil sahəsində əməkdaşlıq imkanlarına da toxunub və 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.
Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.
Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib. Tərəflər iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.