AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətiyyətli siyasətin, “dəmir yumruğ”un və vətən sevgisinin yazdığı Zəfər salnaməsi

  • + A
  • - A
  • Bu gün, 08:45

    Qətiyyətli siyasətin, “dəmir yumruğ”un və vətən sevgisinin yazdığı Zəfər salnaməsi

    Xanlar Fətiyev
    Məclisin deputatı


    Azərbaycanın parlaq hərbi zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür. 2020-ci il sentyabrın 27-də başlayan və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən bu savaşda xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. Vətən müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin, xalqımızın milli həmrəyliyinin və gənc nəslin sarsılmaz vətənpərvərlik ruhunun təntənəsinə çevrildi.
    Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalsa da, beynəlxalq ictimaiyyət, əsasən də vasitəçilər ədaləti təmin etməkdən uzaq oldular. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Qarabağ bütün dünyada respublikamızın ərazisi kimi tanınsa da, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistanın hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul olunsa da, ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində irəliyə doğru bir addım belə atmadı. 44 günlük Vətən müharibəsindən sonra isə tam şəkildə aydın oldu ki, vasitəçilər problemin həllindən yayınmaqla, əslində, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaradılması kimi bir məkrli ideyaya dəstək veriblər. Fikirləşiblər ki, zaman ötdükcə, nəsillər dəyişdikcə Azərbaycan dövləti və xalqı bununla razılaşacaq. BMT isə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və sadəcə tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi.
    Lakin Azərbaycan xalqı torpaqlarının işğal olunması ilə razılaşmadı və razılaşa da bilməzdi. 2016-cı ilin Aprel və 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri də bunu təsdiq edirdi. Cənab Prezident İlham Əliyev problemin həlli ilə bağlı diplomatik cəbhədə qətiyyətlə mübarizə aparmaqla, bütün siyasi platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etməklə bərabər, ordumuzun döyüş qabiliyyətinin artırılmasını diqqət mərkəzində saxlayırdı. Buna görə hər bir azərbaycanlı əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı “Dəmir yumruq” əməliyyatı bu əminliyi reallığa çevirdi və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi.
    Silahlı Qüvvələrimizin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 6 il əvvəl başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Bir-birinin ardınca Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının azad edilməsi ilə hərbçilərimiz zəfər dastanları yazdılar. 2020-ci il noyabrın 8-də Qarabağın mirvarisi Şuşanın azad edilməsi isə Azərbaycanın Vətən müharibəsindəki ən böyük hərbi uğuru oldu. Unikal, dərsliklərə düşən və bütün dünyada böyük maraqla qarşılanan Şuşanın azad edilməsi əməliyyatı bir daha Silahlı Qüvvələrimizin yenilməz gücə malik olmasının, hərbçilərimizin peşəkarlığının və vətənpərvərliyinin təntənəsinə çevrildi. Yalnız bundan sonra məğlubiyyətini qəbul edən və Azərbaycanın şərtləri ilə razılaşan Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hərbi qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonra 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
    Vətən müharibəsi əsgər və zabitlərimizin cəsarətinin, qorxmazlığının və vətənpərvərliyinin möhtəşəm təcəssümü oldu. Onlar döyüş meydanında təkcə silahla deyil, böyük inam, sarsılmaz iradə və Vətən sevgisi ilə mübarizə apardılar, qəhrəmancasına döyüşərək, addım-addım Zəfərə doğru irəlilədilər. Bütün dünyaya göstərdilər ki, Vətən sevgisi ilə silahlanan ordunu heç bir maneə dayandıra bilməz.
    Lakin müharibə qansız-qadasız ötüşmür və torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizədə xalqımız şəhidlər verdi. Müqəddəs Qarabağ torpaqları şəhidlərin qanı ilə hər birimiz üçün daha da müqəddəsləşdi. Vətən müharibəsində 2908 nəfər hərbçimiz şəhid oldu, mindən çox döyüşçümüz yaralandı, 6 nəfər itkin düşdü.
    Artıq torpaqlarımız azaddır. 2023-cü ildə isə Qarabağdakı erməni separatizminə son qoyulması ilə ərazi bütövlüyümüz bərpa olundu. Həm 44 günlük müharibədə, həm də antiterror tədbirlərində düşmən döyüş meydanında cəzalandırıldı. Və qazanılan hər bir qələbə ilə bütün şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı…
    Şəhidlər bizim qürur mənbəyimizdir. Xalqımız hər zaman şəhidləri uca tutur, onların əziz xatirəsini ehtiramla yad edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si respublikamızda Anım Günü kimi qeyd edilir. Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur.
    “Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik” – deyə Prezident İlham Əliyev bildirib.
    Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq, 2021-ci il sentyabrın 27-də Bakıda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yürüşün keçirilməsi, 44 günlük savaşda ilk şəhidlərimizin olduğu Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş abidənin ucaldılması, Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması, habelə Xankəndidə Zəfər parkının salınması şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın nümunələridir.
    Onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin müalicəsini və sağlamlıqlarının bərpasını xüsusi diqqət mərkəzində saxlayır.
    44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin şanlı səhifəsidir. Bu Qələbə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun gücünün, xalqımızın vətənpərvərliyinin və milli birliyinin dünyaya nümayişidir. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə yazılan bu Zəfər hər zaman qürur mənbəyimiz olacaq, dövlətimizin və xalqımızın gələcəyinə işıq salacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR