Kamran Əliyev prokuror və hakimlərə təşəkkür edib

Baş prokuror hərbi cinayət işlərinin nəticəsini tarixi hadisə kimi qiymətləndirib
Baş prokuror Kamran Əliyev hərbi cinayətlərə görə mühakimə olunmuş Ermənistan vətəndaşlarının işləri üzrə xidmət göstərən prokurorlara, istintaqçılara və hakimlərə təşəkkür edib.
Bu barədə K.Əliyev Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Baş prokuror belə ağır cinayət işlərinin araşdırılması və məhkəmədə baxılmasında iştirak edən əməkdaşlara, həmçinin sübutların toplanmasına töhfə verən veteran prokurorlara minnətdarlığını ifadə edib.
K.Əliyev həmin işləri tarixi iş kimi dəyərləndirib və onların hüquqi nəticə ilə başa çatmasını tarixi hadisə adlandırıb.
Baş prokuror çıxışında prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
O, prokurorluq orqanlarının Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun fəaliyyət göstərdiyini qeyd edib.
K.Əliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən prokurorluq əməkdaşlarına mütəmadi olaraq ali xüsusi rütbələr verilir və onlar dövlət təltifləri ilə mükafatlandırılır.
Baş prokuror Prezidentin bugünkü Sərəncamı ilə 4 prokurorluq əməkdaşına ali xüsusi rütbə verildiyini, bir neçə əməkdaşın isə dövlət təltiflərinə layiq görüldüyünü diqqətə çatdırıb.
O, prokurorluq orqanlarına göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib və bunun əməkdaşların məsuliyyətini artırdığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.