Bakıda keçirilən AQEM Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti səsləndirilib.
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Forumda dövlət başçısının müraciətini Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Prezident müraciətində AQEM-in Asiyada sülh, təhlükəsizlik və sabitliyə töhfə verən, üzv dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən platforma olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində müxtəlif yüksək səviyyəli tədbirlərin keçirildiyini və üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin aparıldığını qeyd edib.
İlham Əliyev ilk AQEM Media Forumunun məhz Bakıda keçirilməsinin media və kommunikasiya sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Prezident bildirib ki, media artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm alətidir.
Müraciətdə dezinformasiya, süni intellekt texnologiyalarından sui-istifadə və rəqəmsal platformaların artan rolu fonunda medianın məsuliyyətinin yüksəldiyi diqqətə çatdırılıb.
Dövlət başçısı etibarlı informasiyanın təmin olunması üçün media subyektləri ilə yanaşı dövlət qurumları, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın vacibliyini qeyd edib.
İlham Əliyev AQEM Media Forumunun media sahəsində əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinə imkan yaradacağına əminliyini ifadə edib.
Prezident Forumun iştirakçılarına uğurlar və səmərəli müzakirələr arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.