AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan iqtisadiyyatında yeni inkişaf və investisiya mərhələsi

  • + A
  • - A
  • Bu gün, 17:06

    Azərbaycan iqtisadiyyatında yeni inkişaf və investisiya mərhələsi

    Nizami Səfərov
    Milli Məclisin deputatı

    Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, investisiya siyasəti və gələcək iqtisadi prioritetləri baxımından mühüm məqamlarla zəngin olub. Dövlətimizin başçısı qeyd edib ki, görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcək inkişaf haqqında danışmaq çətin olardı. Əlverişli investisiya mühitinin nəticəsi olaraq son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib ki, bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı etibarlı və dayanıqlı iqtisadi mühitin mühüm nəticələrindən biridir.
    Prezident İlham Əliyev uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin olunması üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan əsas prioritet istiqamətlərdən biri bərpaolunan enerji hesab olunur. Azərbaycanın Xəzər dənizinin öz sektorunda 157 giqavatlıq enerji potensialına malik olması, quruda günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi ölkənin yaşıl enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir.
    Çıxışda logistika, nəqliyyat və bağlantılar da iqtisadiyyatın mühüm hərəkətverici qüvvələri kimi diqqətə çatdırılıb. Azərbaycanın dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalarına və avtomobil yollarına böyük həcmdə investisiya yatırdığı bildirilib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım müşahidə olunur və bu göstəricinin cari ildə 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək isə daşımaların ümumi həcminin 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində Azərbaycanın tranzit imkanlarına artan tələbat ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
    Dövlətimizin başçısı Azərbaycanın investisiya cəlbediciliyinin əsas amilləri sırasında siyasi və iqtisadi sabitliyi, güclü maliyyə sistemini və aşağı xarici borc göstəricisini də qeyd edib. Valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindən biri kimi diqqətə çatdırılıb.
    Forumda perspektivli sahələr sırasında mədənçilik, elektrik enerjisi, rəqəmsal inkişaf və digər yeni iqtisadi istiqamətlər də qeyd olunub. Azərbaycanın iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığı, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də diqqətə çatdırılıb. Eyni zamanda, ölkə ərazisinin 96 faizinin qazlaşdırılması Azərbaycanın sosial-iqtisadi infrastrukturunun inkişaf səviyyəsini göstərən mühüm göstəricilərdən biri kimi vurğulanıb.
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya potensialının, iqtisadi inkişaf prioritetlərinin və regional bağlantı imkanlarının beynəlxalq investorların diqqətinə çatdırılması baxımından mühüm platforma olub. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın ənənəvi enerji sektorundan əlavə bərpaolunan enerji, nəqliyyat-logistika, mədənçilik, rəqəmsal texnologiyalar və digər perspektivli istiqamətlər üzrə investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli zəmin yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR