Azərbaycan BMT tədbirində çıxış edib

Ölkəmiz kibercinayətkarlıqla mübarizə üzrə təcrübəsini bölüşməyə hazırdır
BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası” ilə bağlı tədbir keçirilib.
Azərbaycan tədbirdə “İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi” mövzusunda sessiyaya töhfə verib.
Bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” hesabında məlumat verilib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov çıxış edib. O, Azərbaycanın kibercinayətkarlığın qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.
Bildirilib ki, Konvensiyanı ratifikasiya edən ilk ölkələrdən biri olan Azərbaycan sənədə qoşulma və milli qanunvericiliyin uyğunlaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır.
Xatırladaq ki, BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi UNODC tərəfindən beş ildən bir təşkil olunan qlobal tədbirdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.