AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayılın qayıdışı: Dirçəlişin ünvanı

  • + A
  • - A
  • Bu gün, 18:15

    Cəbrayılın qayıdışı: Dirçəlişin ünvanı

    Elnarə Akimova

    Milli Məclisin deputatı,
    YAP İdarə Heyətinin üzvü,
    Filologiya elmləri doktoru


    4 oktyabr Azərbaycan tarixində uzun illər doğma yurdunun həsrəti ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəyə çevrildiyi, tarixi ədalətin bərpasına doğru atılan mühüm addımın yazıldığı gündür. Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin gedişində hərbi-strateji baxımdan mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, xalqımızın iradəsinin, ordumuzun gücünün və torpağa bağlılığının təntənəsinə çevrildi. Bu gün Cəbrayıl Şəhəri Gününü qeyd edərkən keçilmiş ağır yolu, qazanılmış Zəfərin miqyasını və azad torpaqlarda həyata keçirilən möhtəşəm quruculuq işlərini bir daha xatırlayırıq.
    Cəbrayılın taleyi Azərbaycan xalqının son bir əsrdə üzləşdiyi faciələrin, torpaq itkisi və yurd həsrətinin ağrılı səhifələrindən biridir. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda burada 1 şəhər, 4 qəsəbə və 92 kənd vardı. 1050 kvadratkilometr ərazini əhatə edən, 52 min nəfərə yaxın əhalisi olan bu qədim yurdun sakinləri doğma ev-eşiklərindən didərgin düşdülər. İşğalın nəticələri isə yalnız insanların öz torpaqlarından ayrılması ilə məhdudlaşmadı. Bir vaxtlar inkişaf etmiş təsərrüfatı, məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri olan rayonun bütün sosial-iqtisadi həyatı dağıdıldı. Rəsmi məlumatlarda Cəbrayıla dəymiş ziyanın 13,928 milyard ABŞ dolları olduğu göstərilir. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 150 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Tarix-diyarşünaslıq muzeyində 20 mindən artıq eksponat qorunurdu. 8 sənaye müəssisəsi, 42 kolxoz, quşçuluq fabriki və digər təsərrüfat obyektləri rayonun iqtisadi həyatının mühüm hissəsini təşkil edirdi. Bütün bunlar bir daha göstərir ki, işğal yalnız coğrafi ərazinin itirilməsi deyil, bütöv bir yaşayış mühitinin, mədəni yaddaşın və insan talelərinin dağıdılması idi.
    Cəbrayılın faciəsi onun tarixi-mədəni irsinə qarşı törədilən vandalizmdə də özünü göstərdi. Qədim Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndinin Dairəvi türbəsi, Xubyarlının səkkizguşəli türbələri, Diri dağındakı tarixi məqbərələr, Sultan Məcid hamamı və çoxsaylı arxeoloji abidələr dağıntılara məruz qaldı. Bu abidələr sadəcə daşdan tikilmiş memarlıq nümunələri deyildi; onlar xalqımızın əsrlər boyu yaratdığı tarixin, mədəniyyətin və mənəvi kimliyin canlı izləri idi. Onların məhv edilməsi ilə bütöv bir bölgənin tarixi yaddaşına zərbə vurulmuşdu.
    Birinci Qarabağ müharibəsində Cəbrayıl 362 şəhid verdi, 191 sakini əlil oldu. Altı cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bu rəqəmlərin hər birinin arxasında bir ömür, bir ailənin taleyi, yarımçıq qalmış arzular dayanır. Cəbrayıllılar respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən yük vaqonlarında, yataqxanalarda, qaçqın düşərgələrində məskunlaşmağa məcbur oldular. Onlar illərlə müvəqqəti məskunlaşdıqları yerlərdə yaşasalar da, yaddaşlarında doğma evlərinin açarını, ata-baba yurdlarının yollarını, kəndlərinin bulaqlarını qoruyub saxladılar. Çünki insan üçün doğulduğu torpaqdan daha doğma ünvan yoxdur.
    Cəbrayılın azadlıq salnaməsi əslində daha əvvəl, Cocuq Mərcanlıda başlanan qayıdış ümidləri ilə bağlıdır. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı bu kəndin işğaldan azad edilməsi doğma torpaqlara dönüşün ilk rəmzlərindən birinə çevrildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması isə Cocuq Mərcanlıda həyatın bərpası üçün yeni imkanlar yaratdı. Bu hadisələr Azərbaycan Ordusunun gələcək böyük Zəfərə aparan yolunda mühüm mərhələlər idi.
    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyində yeni səhifə açdı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsi ilə başlayan irəliləyiş oktyabrın 4-də tarixi nəticəyə çatdı. Həmin gün Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal düşmən işğalından azad edildi. Ümumilikdə Vətən müharibəsi zamanı rayonun 1 şəhəri və 90 kəndi azadlığına qovuşdu.
    Bu qələbə böyük hərbi peşəkarlıq, iradə və fədakarlıq tələb edirdi. Çünki düşmən Cəbrayıl istiqamətində bir neçə müdafiə xəttindən ibarət möhkəm istehkamlar qurmuşdu. Azərbaycan əsgəri bu sədləri yalnız hərbi güclə deyil, Vətən sevgisi, döyüş əzmi və torpağa sahiblik məsuliyyəti ilə yarıb keçdi. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün də mühüm imkanlar yaratdı. Xocavəndin cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində əməliyyatların genişləndirilməsi, ardınca Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad olunması bu qələbənin hərbi-strateji əhəmiyyətini daha aydın nümayiş etdirdi.
    Cəbrayılın azadlığı həm də Azərbaycanın dövlət suverenliyinin və tarixi varlığının rəmzlərindən olan Xudafərin körpülərinin qayıdışı ilə yadda qaldı. 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması xalqımızın yaddaşına əbədi həkk olunan tarixi hadisə idi. Əsrlərin yadigarı olan bu körpülərdə üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın öz tarixinə, mədəni irsinə və milli kimliyinə sahib çıxmasının rəmzi idi. Bu mənzərə həm də işğalın yaratdığı ayrılığın sona çatacağına, tarixi torpaqlarda həyatın yenidən canlanacağına inamın təcəssümü idi.
    Cəbrayılın azad olunması uğrunda döyüşlərdə göstərilən igidlik dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 22 797 hərbi qulluqçu bu medalla təltif olundu. Bu təltiflər yalnız hərbi xidmətin qiymətləndirilməsi deyil, həm də Zəfərin arxasında dayanan qəhrəmanlığın gələcək nəsillərə ötürülən yaddaş nişanəsidir.
    Lakin Cəbrayılın hekayəsi azadlıqla bitmir. Əslində, yeni və daha məsuliyyətli mərhələ məhz bundan sonra başlayırdı: dağıdılmış şəhərin yenidən qurulması, iqtisadi həyatın bərpası, infrastrukturun yaradılması və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu prosesin ardıcıl dövlət siyasəti səviyyəsində həyata keçirildiyini göstərir. 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət Bayrağının ucaldılması ilə başlayan yeni mərhələ sonrakı illərdə genişmiqyaslı quruculuq layihələri ilə davam etdirildi.
    2021-ci il oktyabrın 4-də Prezidentin müvafiq Fərmanı ilə Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması rayonun gələcək iqtisadi inkişafı baxımından mühüm addım oldu. 200 hektar ərazini əhatə edən sənaye parkı logistika, ticarət, anbar təsərrüfatı, gömrük xidmətləri, nəqliyyat və texniki xidmət sahələrinin inkişafı üçün nəzərdə tutulub. Hazırda burada 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb. Bu layihə Cəbrayılın yalnız yaşayış məntəqəsi kimi deyil, regionun iqtisadi və logistika mərkəzlərindən biri kimi formalaşdırılmasına xidmət edir.
    Rayonun enerji infrastrukturu da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. 2021-ci il oktyabrın 4-də “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi şəhərin və rayonun gələcək elektrik təminatı üçün mühüm baza yaratdı. Sonrakı illərdə bərpaolunan enerji layihələri bu istiqaməti daha da genişləndirdi. 2025-ci il oktyabrın 28-də Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyuldu. 2026-cı il mayın 9-da Soltanlı kəndində 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi enerji sisteminin gücləndirilməsi baxımından növbəti mühüm hadisə oldu. Bununla yanaşı, bp şirkəti tərəfindən Cəbrayılda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi aparılır. İşğaldan azad edilmiş ərazilərdə sənaye miqyaslı bərpaolunan enerji istehsalının inkişafı Azərbaycanın yaşıl enerji strategiyasının konkret nəticələrindən biridir.
    Nəqliyyat infrastrukturu isə Cəbrayılın regional əlaqələr sistemindəki rolunu artırır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını birləşdirərək bölgənin iqtisadi və sosial inteqrasiyasına xidmət edir. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun inşası da yaşayış məntəqələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bu yollar yalnız nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmur. Onlar yeni iqtisadi əlaqələrin, ticarətin, istehsalın və sosial həyatın inkişafına açılan imkanlardır. Regionun dəmir yolu və digər kommunikasiya layihələri ilə əlaqələndirilməsi də Cəbrayılın gələcək inkişaf perspektivlərini genişləndirir.
    Cəbrayıl şəhərinin bərpası sistemli şəhərsalma yanaşması əsasında həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. Sənədə əsasən, bərpa işləri dörd mərhələdə aparılacaq. 2026-cı ilin sonunadək şəhərdə təqribən 3800 nəfərin, 2040-cı ilin sonuna qədər isə 15 min sakinin yaşaması proqnozlaşdırılır. Yaşayış ərazilərində müasir memarlıq həlləri, az və orta mərtəbəli binalar, fərdi evlər, sosial obyektlər və ictimai məkanlar nəzərdə tutulur. Burada əsas məqsəd yalnız dağıdılmış tikililəri yenidən inşa etmək deyil, insanların rahat, təhlükəsiz və müasir şəhər mühitində yaşaması üçün zəruri şəraiti yaratmaqdır.
    Bu yanaşma rayonun kəndlərinin yenidən qurulmasında da özünü göstərir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin 2040-cı ilədək inkişafı üçün genişmiqyaslı layihələr hazırlanıb. Həmin yaşayış məntəqələrində minlərlə insanın məskunlaşması, fərdi evlərin və çoxmənzilli binaların, məktəblərin, uşaq bağçalarının, tibb və xidmət müəssisələrinin tikintisi nəzərdə tutulur. Horovlu kəndinin birinci mərhələsində 334 fərdi ev, 624 şagird yerlik məktəb, 220 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər sosial obyektlər inşa edilib. Şükürbəyli kəndinin açılışı isə 2026-cı il mayın 9-da baş tutub. Burada 360 şagird yerlik məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi yaradılıb. Bu layihələr Böyük Qayıdışın yalnız mənzil təminatı ilə məhdudlaşmadığını, insanların gündəlik həyatını təmin edən bütöv sosial mühitin formalaşdırıldığını göstərir.
    Cəbrayılın qayıdış salnaməsində ən mühüm tarixlərdən biri 2024-cü il sentyabrın 26-dır. Həmin gün yenidən qurulan şəhərə ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Uzun illər müxtəlif bölgələrdə yataqxanalarda, sanatoriyalarda, inzibati binalarda və digər müvəqqəti məskunlaşma yerlərində yaşayan ailələr üçün bu, sadəcə yaşayış yerinin dəyişməsi deyildi. Bu, doğma torpağa qovuşmaq, ata-baba yurduna yenidən sahib çıxmaq, övladlarını öz kəndində, öz şəhərində böyütmək arzularının gerçəkləşməsi idi.
    2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2749 nəfər məskunlaşıb. Beləliklə, rayon üzrə doğma yurdlarına qayıdanların ümumi sayı 1600 ailə və 7022 nəfərə çatıb. Bu rəqəmlər Böyük Qayıdışın real nəticələrini əks etdirir. Hər köç karvanı bir ailənin həsrətinə son qoyur, hər açılan ev qapısı Cəbrayılın həyatına yeni nəfəs gətirir.
    Şəhərdə salınmış ilk yaşayış kompleksinin miqyası da bərpa prosesinin əhatəliliyini nümayiş etdirir. 7,9 hektar ərazidə inşa olunan kompleks 33 yaşayış binasından və 712 mənzildən ibarətdir. Mənzillərin tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi sistemi və zəruri kommunal təchizatla birlikdə sakinlərə təqdim olunması qayıdışın sosial təminat tərəfini göstərir. Bununla yanaşı, ikinci yaşayış kompleksində 615, üçüncü kompleksdə isə 746 mənzilin tikintisi nəzərdə tutulub. Beləliklə, şəhərin yaşayış fondu mərhələli şəkildə genişləndirilir və artan məskunlaşma üçün yeni imkanlar yaradılır.
    Prezident İlham Əliyevin Cəbrayıla səfərlərinin ardıcıllığı da bu quruculuq prosesinin dinamikasını aydın göstərir. 2020-ci ildə azad edilmiş torpaqda bayrağımızın ucaldılması ilə başlayan səfərlər 2021-ci ildə sənaye parkının, elektrik yarımstansiyasının, xəstəxananın, məktəbin və yaşayış məhəlləsinin təməlqoyma mərasimləri ilə davam etdi. 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qumlaq stansiyasının təməlinin qoyulması, 2023-cü ildə avtomobil yolu və yaşayış kompleksləri ilə bağlı işlərin genişləndirilməsi, 2024-cü ildə yeni kəndlərin təməlinin qoyulması, sosial obyektlərin açılması və istehsal müəssisələrinin yaradılması istiqamətində atılan addımlar bu siyasətin ardıcıl xarakterini ortaya qoyur. 2025-ci ildə Horovlu kəndinin ilk mərhələsinin açılması, 2026-cı ildə Şükürbəyli kəndinin sakinlərinə qapılarını açması isə quruculuğun artıq real yaşayışla nəticələndiyini təsdiqləyir.
    Bu gün Cəbrayılın simasında biz iki mühüm tarixi prosesi görürük: torpaqlarımızın hərbi-siyasi yolla azad edilməsi və həmin ərazilərin yenidən həyata qaytarılması. Birincisi xalqımızın qəhrəmanlıq salnaməsi, ikincisi isə dövlətimizin quruculuq iradəsinin ifadəsidir. Zəfər meydanında qazanılan qələbə tikinti meydanlarında, məktəb və xəstəxanalarda, yolların və enerji xətlərinin çəkilişində, yeni evlərin qapılarının açılmasında davam edir.
    4 oktyabrın mahiyyəti də məhz bundadır. Cəbrayıl artıq yalnız işğalın ağrısını xatırladan bir ad deyil. O, azadlığın, qayıdışın, yenidənqurmanın və gələcəyə inamın ünvanıdır. Bir vaxtlar xarabalığa çevrilmiş şəhərdə bu gün yeni evlər tikilir, məktəblər açılır, yollar salınır, sənaye müəssisələri yaradılır, günəş enerjisi istehsalı üçün layihələr həyata keçirilir. Ən əsası isə insanlar öz doğma torpaqlarına qayıdırlar.
    Cəbrayılın hər küçəsi, hər kəndi, hər daşı bizə bir həqiqəti xatırladır: Vətən yalnız uğrunda döyüşülən torpaq deyil, həm də qorunan, qurulan, yaşadılan və gələcək nəsillərə əmanət edilən müqəddəs məkandır. Bu gün Cəbrayılın yenidən qurulan hər evi, açılan hər məktəbi, bərpa edilən hər yolu 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin davamıdır. Cəbrayıl qayıdır – öz tarixinə, öz insanlarına, öz gələcəyinə. Bu qayıdış Azərbaycan xalqının iradəsinin və dövlətimizin qüdrətinin tarixə yazılmış növbəti səhifəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR