Bakıdan BMT-də insan hüquqları ilə bağlı çağırış

Şəhriyar Hacıyev: İnsan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmamalıdır
Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin iclasında insan hüquqlarının müdafiəsi ilə bağlı mövqeyini ifadə edib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bildirib ki, münaqişələrin və bərabərsizliyin artdığı, iqlim dəyişikliklərinin ciddi təsirlər yaratdığı bir vaxtda insan hüquqlarının və ləyaqətinin qorunması xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir və bu istiqamətdə hüquqi və institusional islahatlar davam etdirilir.
Ş.Hacıyev keçmiş münaqişə nəticəsində məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpasına da toxunub. Bildirib ki, “Böyük Qayıdış” çərçivəsində aparılan tədbirlər nəticəsində 96 min nəfər işğaldan azad edilmiş ərazilərə qayıdıb.
Onun sözlərinə görə, mina təhlükəsi bu prosesə ciddi maneə törədir. İndiyədək 400-dən çox insan mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.
Diplomat 4 mindən çox azərbaycanlının taleyinin hələ də məlum olmadığını və onların itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirib.
Bəyanatda münaqişə zamanı törədilmiş ağır cinayətlərin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyi də vurğulanıb.
Ş.Hacıyev BMT Nizamnaməsində təsbit olunan suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
“Biz insan hüquqlarının siyasiləşdirilməsinə, ikili standartlara və insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə hallarına qarşı çıxırıq”, - deyə diplomat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.